Xəzər Xəbər

Bu bitki iştahanı azaldır

Maraqlı | 11:27 • 21 Noyabr 2017
Bu bitki iştahanı azaldır

Yarpaqları mal və quş ətindən hazırlanan yeməklərə ədviyyat kimi daxil edilən bibəriyyə bitkisi lobya, noxud, kələm və badımcanlı xörəklərə də gözəl dad və ətir verir. Bitki kulinariyada, qənnadı və çaxır istehsalında istifadə edilməklə yanaşı tibdə də geniş tətbiq olunur.


AZƏRTAC xəbər verir ki, bibəriyyə yarpaqları iltihab əleyhinə çox güclü vasitədir, eyni zamanda, yarasağaldıcı xüsusiyyətə malikdir. Tərkibindəki efir maddələri sakitləşdirici, spazmolitik və antiseptik təsirlər göstərir. Hipertoniya, ümumi və cinsi zəiflikdə də onun istifadəsi faydalı nəticələr verir. Elə həmin keyfiyyətlərinə görə bibəriyyə dəmləməsi ağız boşluğunun iltihabı xəstəliklərində, qarqara, çiban və gec sağalan yaralarda islatma, uşaqlıq yolu xəstəliklərində isə şırınqa şəklində istifadə olunur. Yarpaqlarının bişirməsi uşaqlıq əzələsini yığır və düşüyə səbəb olur. Baş ağrıları və soyuqdəymə zamanı sakitləşdirici, mədə-bağırsaq xəstəliklərində isə ödqovucu kimi tətbiq edilir.


Bibəriyyə bitkisi ödü dəf edir, qəbizliyi aradan qaldırır, revmatizm xəstəliyinin qarşısını alır.


Mütəxəssislərin onun yuxusuzluğu və stressi dəf etdiyini söyləyirlər. Qədim yunanlılar hafizəni gücləndirmək üçün ondan istifadə edirdilər. Saçların uzun və gur olması üçün də bibəriyyədən istifadə etmək olar.


Bibəriyyə bitkisinin bütün faydalı maddələri onun yarpaq və güllərində toplanıb. Ən yaxşı yol onun qaynadılmış halda istifadə etməkdir. Bir xörək qaşığı ətirli bitkinin yarpaqlarını 1stəkan su ilə 10 dəqiqə qaynadılır, gün ərzində 2-3 fincan içilir.


Bitkinin bir və ya iki budağını zeytun yağına atanda bir neçə diş sarımsaq da əlavə olunması yağı dadlı və ətirli edir.


Revmatizm xəstəliyi zamanı üzərində gülü olan bibəriyyə budağı bir litr suya atılır, əl və ayaqlar həmin suya salınır.


Bitki qurudulandan sonra döyülərək əzilir, əmələ gələn pudra tez sağalmaq üçün yüngül yaranın üzərinə səpilir. Bibəriyyə bitkisinin yağı ağrıyan yerin masajı üçün faydalıdır. Onu badam yağı ilə qarışdırandan sonra istifadə edirlər.


Bibəriyyə iştahanı azaltdığına görə ondan istifadə edilməsi arıqlamağa səbəb olur.

Xəbər lenti