Xəzər Xəbər

Qorxunc FAKT! Koronavirusa yoluxanların yarıdan çoxunda bu xəstəlik yaranır

Maraqlı | 16:36 • 4 Avqust 2020
Qorxunc FAKT!

İtaliyada COVİD-19 virusundan müalicə olunan xəstələr arasında bir ay sonra psixiatrik simptomları müəyyən etmək məqsədilə klinik müayinə və sorğu aparılıb.


Milandakı San Raffaelle Xəstəxanasında koronavirusdan müalicə olunan 402 şəxs arasında aparılan araşdırmanın nəticəsi qorxunc reallığı ortaya çıxarıb. 


İtaliyada yaş ortalaması 57.8 olan COVİD-19 xəstələri üzərində aparılan araşdırma zamanı həmin şəxslərin yüzdə 55-nin xəstəxana müalicəsindən bir ay sonra depressiya və narahtlıq kimi psixiatrik rahatsızlıqlar yaşadıqları məlum olub.


1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") COVİD-19 infekiyasi üzrə konsultant psixiatrı Aytən Namazova Milli.Az-a açıqlamasında koronavirus infeksiyasına yoluxmuş xəstələr arasında ən sıx müşahidə edilən psixi pozuntuların şərti olaraq 2 qrupa ayrıldığını bildirib:


I qrupa COVİD 19 infeksiyasına yoluxmazdan öncə psixoloji durumu ilə əlaqəli olaraq privat şəkildə müalicə edilən xəstələr bu və ya digər formada qəbul etdikləri psixotrop dərman preparatlarının dayandırılması fonunda yaranan psixoloji narahatlıqlar daxildir.


II qrupa COVİD 19 infeksiyasına yoluxmuş xəstələrdə xəstəlik prosesində yaranan stressə qarşı reaksiya fonunda müşahidə edilən psixi pozuntular daxildir.


O qeyd edib ki, xəstələrin psixiatr tərəfindən təyin edilmiş dərman preparatları həkim nəzarəti olmadan azaldılmamalı və kəsilməməlidir:


"Hər iki halda COVİD-19 infeksiyasına yoluxmuş xəstələr arasında ən sıx müşahidə edilən psixi, nevrotik, streslə əlaqəli pozuntulara panik ataka (epizodik paroksizmal həyəcanlılıq), generalizə edilmiş həyəcan pozuntusu, qarışıq həyəcan və depressiv pozuntular, obsessiv-kompulsiv pozuntu (takıntı xəstəliyi), depressiv epizod və s. daxildir. Bəzən depressiv epizod fonunda xəstələrdə intihar yönümlü fikirlərin səsləndirməsi və intihara cəhd etmələridir. COVİD-19 infeksiyasina yoluxmuş xəstələrdə aparıcı simptomlardan olan iştahsızlıq fonunda qidadan imtina etmə, temperatur, boğulma, öskürək fonunda yuxu pozuntularının baş verməsi depressiv halların yaranmasını daha da stimulyasiya edir. Psixoloji durumu ilə əlaqəli olaraq müalicə edilən xəstələrin psixiatr tərəfindən təyin edilmiş dərman preparatları həkim nəzarəti olmadan azaldılmamalı və kəsilməməlidir.


Aprel ayından bizim xəstəxanın Yoluxucu Şöbəsinə gətirilən pasiyentlər arasında koronavirusa yoluxma təhlükəsi yaşayan "Birdən məndə koronavirus olar", "Birdən koronavirusa yoluxaram" düşüncəsində xəstəxanaya gətirilən şəxslərdə psixoloji pozuntular müşahidə etməyə başladım. İntihar yönümlü fikirləri olan xəstələr nəzarət altında saxlanılır. Koronavirusa yoluxduğu üçün özünü öldürmək istəyən xəstələrimiz var. Toksikologiya şöbəsinə müraciət edən elə xəstələr çoxdur. Heç koronavirus deyil, sadəcə olaraq, koronavirusdan qorxur, fobiya var. İnsanlarda bir neçə müddət bu davam etdiyi üçün fikirlər formalaşır ki, "Hə, koronavirusam və yaxud mən yoluxacam" qorxu-həyəcanla toksikologiya şöbəsinə müraciət edənlər var.


"Mən də birdən koronavirusa yoluxaram" fikiri ilə özlərinə qəsd etmək istəyənlər var


Heç virusa yoluxmayıb, heç bir klinik əlamət yoxdur. Sadəcə olaraq, "Mən də birdən koronavirusa yoluxaram" fikiri ilə özlərinə qəsd etmək istəyənlər var. O qorxu, həyəcan, təşviş fonunda bir depressiv vəziyyət yaranır. Ona görə də intiharlar olur. Eyni zamanda, koronavirus xəstələri arasında da "Koronavirusdan xilas ola bilmərəm, sağala bilmərəm" düşüncəsi ilə qorxu, həyəcan, panik ataklar keçirənlər var. Testi pozitiv çıxanlar arasında intihar fikirləri olan pasiyentlərimiz var. Bu, daha çox əsas da aprel ayında koronavirus yeni-yeni bizdə yayılmağa başlayanda olurdu. Elə xəstələr dərhal ciddi nəzarətə alınır. 


Bir xəstə var, vəziyyəti ağır olduğu üçün onu hələ konsultasiya etməmişəm. Koronavirusa yoluxan həmin xəstə sirkə turşusu içib. İndi, o, həm sirkə turşusu içdiyinə görə, həm də koronavirusdan izolyasiya edilərək müalicə edilir. Son vaxtlar depressiv vəziyyətə düşən xəstələrin sayında daha çox artım müşahidə edilir. Mən sırf psixoloji problemi olan koronavirus xəstələrini konsultasiya edirəm. 

Xəbər lenti