Xəzər Xəbər

Həyat keyfiyyətinin ən yüksək olduğu şəhərlər açıqlanıb - TOP-10

Maraqlı | 13:09 • 22 May 2019
Həyat keyfiyyətinin ən yüksək olduğu şəhərlər açıqlanıb -

"Deutsche Bank"ın mütəxəssisləri dünyanın müxtəlif şəhərlərində yaşayış standartlarının təhlilini apararaq, həyat keyfiyyətinə görə şəhərlərin reytinqini tərtib ediblər.


ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, həyatın keyfiyyəti baxımından ən yaxşı şəhərləri müəyyən etmək məqsədilə "Deutsche Bank"ın mütəxəssisləri hər bir şəhərdə alıcılıq qabiliyyəti, cinayət və təhlükəsizlik səviyyəsi, səhiyyə xidmətlərinə çıxış, istehlak mallarının qiyməti, habelə yaşayış üçün daşınmaz əmlaka əlçatanlıq, yol tıxacları, ekoloji şərait və iqlim kimi parametrləri təhlil ediblər.


Nəticədə reytinqin ilk pilləsinə İsveçrənin Sürix şəhəri layiq görülüb. Bu şəhərdə bir çox İsveçrə bankları və sığorta şirkətlərinin qərargahları, həmçinin İsveçrə birjası yerləşir. Bütün bunlar Sürixi dünya maliyyə mərkəzlərinin birinə çevirir.


Siyahının 2-ci pilləsində Vellinqton qərarlaşıb. Yeni Zelandiyanın paytaxtı əhalisinin sayına görə ölkənin ikinci şəhəri hesab olunur. Burada çoxlu sayda körpü, viaduk, tunel və parklar mövcuddur.


Reytinqin üçüncü yerini Danimarkanın paytaxtı Kopenhagen tutub. Şəhər Danimarkanın mədəni və iqtisadi, həmçinin Kopenhagen fond birjası ilə Şimali Avropanın iri maliyyə mərkəzi sayılır. Şəhər iqtisadiyyatı xidmət sahəsində, əsasən da informasiya texnologiyaları, əczaçılıq və təmiz texnologiyalarda təşəbbüslər sayəsində sürətlə inkişaf edib.


Şotlandiyanın Edinburq şəhəri isə siyahının 4-cü yerində qərarlaşıb. İqtisadi baxımdan şəhər Böyük Britaniyanın ən inkişaf edən regionlarından biri sayılır. Hazırda Edinburqda işsizliyin səviyyəsi ölkə üzrə ən aşağı, əhalinin işlə təmin edilməsi isə ən yüksək səviyyədədir.


Reytinqin ilk beşliyini Avstriyanın paytaxtı Vyana tamamlayır. Bu şəhər Nyu-York və Cenevrədən sonra BMT-nin sayca üçüncü iqamətgahıdır. Vyanada OPEC və ATƏT kimi beynəlxalq təşkilatların qərargahları da yerləşir. Avstriyanın paytaxtı ölkənin mədəni, iqtisadi və siyasi mərkəzi hesab olunur.


Siyahının 6-cı yerində Finlandiyanın paytaxtı, onun siyasi, iqtisadi, mədəni və elmi mərkəzi Helsinki qərarlaşıb. Helsinkinin paytaxt olmasına baxmayaraq, çox sakit şəhərdir. Burada cinayət olduqca aşağı səviyyədədir.


Avstraliyanın Melburn şəhəri – müasir texnologiyalar mərkəzi. Kompüter və ya informasiya texnologiyaları sahələri sürətlə inkişaf edib. Bundan başqa, şəhərdə sənayenin digər sahələrinin də bazası, həmçinin iri maliyyə və kommersiya mərkəzidir. Melburn siyahının 7-ci yerini tutur.


ABŞ-ın Massaçusets ştatının paytaxtı sayılan Boston şəhəri reytinqin 8-ci pilləsindədir. Bu şəhər həm də Yeni İngiltərə adlanan regionun ən iri şəhəridir. Boston dünyanın nəhəng təhsil mərkəzlərindən biri sayılır. Şəhər biotexnologiya, mikroelektronika və yeni materialların yaradılması sahəsində dünya lideridir.


Tarixən San-Fransisko iqtisadiyyatının əsası turizm sektorudur. San-Fransiskonun iqtisadiyyatı şəhərin cənubunda Silikon vadisi yaradılandan sonra sürətlə inkişaf edib. Şəhərdə həmçinin biotexnologiya və bioloji tibb təhlil mərkəzləri yerləşir. San-Fransisko reytinqin 9-cu pilləsindədir.


Nəhayət, siyahını 10-cu yerlə Avstraliyanın Sidney şəhəri tamamlayır. Bu şəhər özünün opera teatrı, "Harbour Bridge" körpüsü və çimərlikləri ilə məşhurdur. Sidneyin yaşayış məntəqələrinin əksəriyyətinin ətrafında milli parklar yerləşir. Əhalinin adambaşına düşən orta aylıq gəlirlərinə görə Sidney Avstraliyanın lideridir.

Xəbər lenti