Xəzər Xəbər

Şirin və cır narın müalicəvi təsiri

Maraqlı | 14:03 • 14 Sentyabr 2018
Şirin və cır narın müalicəvi təsiri

Nar min bir dərdin dərmanı sayılır. Onun müalicəvi xassələri hələ eramızdan əvvəl assuriyalılara, misirlilərə, yunanlara və romalılara məlum idi. Son araşdırmalar narın zəngin tərkibi olduğunu təsdiqləyir. Özündə kalium, dəmir, kalsium, fosfor, minerallar, C, B1, B2 vitaminləri ehtiva edən narın şirəsindən ürək ağrıları zamanı və öskürək əleyhinə dərman kimi istifadə olunur. Qabıq və çiçəklərinin dəmləməsi boğaz ağrıları zamanı qarqara kimi tətbiq edilir BU məhlul diş əti iltihabı zamanı da əvəzsiz vasitədir.


Nar qızdırmanı və yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün faydalıdır. İmmun sistemi gücləndirir, xərçəng xəstəliyindən qoruyur, təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Həmin xüsusiyyətlərinə görə nar ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Narın qabıqlarından hazırlanan dəmləmə ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.


Tərkibi antioksidantlar və virus əleyhinə bakteriyalarla zəngin olan nar meyvəsi zökəm xəstəliyində yaxşı təsir göstərir. Gün ərzində bir stəkan nar suyu içmək gün boyu gümrahlıq hissi yaradır.


Şirin nar mədənin fəaliyyətini genişləndirir, yanma hissini aradan qaldırır. Böyrək və qaraciyərində problemi olanlara nar şirəsi içmək xeyirlidir. Şəkər xəstələrinə isə cır nar şirəsini içmək məsləhət görülür.


Cır nardan hazırlanan narşərab həzm prosesinə kömək edir və sinqa xəstəliyinin müalicəsində yaxşı səmərə verir. (AZƏRTAC)

Xəbər lenti