Xəzər Xəbər

Leonardo da Vinçinin ən bahalı əsərinin alıcısı Səudiyyə Ərəbistanı şahzadəsidir

Maraqlı | 13:42 • 7 Dekabr 2017
Leonardo da Vinçinin ən bahalı əsərinin alıcısı

Leonardo Da Vinçinin Christie's hərracında 450 milyon dollara satılmış "Dünyanın xilaskarı” rəsminin adı açıqlanmayan alıcısı çox güman ki, Səudiyyə Ərəbistanının şahzadəsi Bader bin Abdullah bin Məhəmməd bin Farhan Əl-Səud olub. Bu barədə məlumatı New York Times qəzeti yayıb.

Interfax informasiya agentliyi xəbər verir ki, varis şahzadə Məhəmməd bin Salmanın dostu olan 32 yaşlı Bader tullantıların təkrar emalı sahəsində biznesi idarə edir.

Bu arada "Luvr Abu Dabi” incəsənət muzeyi "Twitter” səhifəsində "Dünyanın xilaskarı” rəsmini öz ekspozisiyasında nümayiş etdirəcəyi barədə məlumat yerləşdirib.

Da Vinçinin buna qədər rusiyalı milyarder kolleksiyaçı Dimitri Rıbolovlyevə məxsus əsəri hərraclarda satılan ən bahalı incəsənət nümunəsi olub. Təxminən 1500-cü illərə aid olan şedevr italiyalı rəssamın müasir dövrə qədər gəlib çatan 20-yə yaxın rəsm əsərindən biridir. Əsırin satış tarixi 1958-ci ildən – onun London hərracında 60 ABŞ dollarına satıldığı vaxtdan başlayır. O vaxt "Dünyanın xilaskarı” bu dahi rəssamın deyil, onun davamçılarından birinin yaradıcılığına aid edilirdi. O, 2005-ci ildə yenidən bazara çıxdı və da Vinçinin itmiş rəsm əsəri kimi böyük maraq doğurmağa başladı. 2013-cü ildə Rıbolovlyev onu 127,5 milyon dollara fərdi qaydada satın aldı./Azərtac

Xəbər lenti