Şuşadan qalan yadigar geyim

08.05.2020 16:36

Bu gün Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan, Azərbaycan musiqisinin beşiyi və "Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalından 28 il ötür. Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə də ağır zərbə vurulub, Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natəvanın evi və sair digər abidələr vardır.

AZƏRTAC o zaman fədakar muzey əməkdaşlarının və Milli Ordumuzun köməyi ilə bu aqibəti yaşamaqdan xilas edilmiş eksponatlardan biri - qadın milli geyim dəsti haqqında məlumat verəcək.

Azərbaycan milli geyim nümunələri içində Qarabağ geyimləri özünəməxsusluğu ilə seçilirdi. Bu bölgəyə məxsus və qadın milli geyim dəstinin tərkib hissəsi sayılan tumanlar qaz-qazı, zərxara, atlas kimi parçalardan tikilir, uzunluğu 86-102 sm arasında dəyişirdi. Tumanların ətəyinə müxtəlif ölçüdə tirmə və başqa parçadan qat payı tikilirdi. Üst geyimi olan arxalıq da qiymətli parçalardan tikilir, qol ağzına və yaxa kəsiyinə verilən qırçınlı büzməli əlavələr onu daha da gözəl göstərirdi. Qarabağ bölgəsinə aid olan arxalıqlarda bel büzməsi, zərif qırçınlı və qısa olurdu. Bu arxalıqlar daha çox üst qadın geyimi sayılan çəpkəni xatırladır, adətən yaxası buta formasında, qolları "nülufər qollu” (yelparəli) olurdular. Dirsəyə qədər düz olan nülufər qol dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq enində qırçın əlavə edilirdi. Bəzən bu qırçın yerinin üstünə bant da tikilirdi. Qol ağzına verilən qırçınlı-büzməli əlavələr arxalığı daha baxımlı və gözəl göstərirdi. 1992-ci ildə may ayının 8-də Şuşa işğal olunmazdan bir neçə gün öncə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialından təxliyə edilərək erməni işğalından xilas edilmiş 183 eksponatın içində olan, daha sonra isə üzərindəki zədələrdən xilas edilmək üçün 2013-cü ildə Bərpa Mərkəzinə gətirilmiş Qarabağ xanımlarına məxsus geyim dəsti də bu qəbildəndir.

© xezerxeber.az

FOTOQALERIYA






138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR