İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

10.03.2020 17:33

İstanbulda yerləşən dünyanın ən iri İslam mədəniyyəti nümunələrinin saxlandığı Türk və İslam Əsərləri Muzeyində martın 13-də qədim və nadir Azərbaycan xalçalarının sərgisi və kitab-kataloqun təqdimat mərasimi keçiriləcək.

Azərbaycan Milli Xalça Muzeyindən bildirilib ki, "Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” layihəsi iki ölkə muzeyləri arasında həyata keçirilən ilk layihədir. Layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılmasıdır.

Layihə Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü ilə həyata keçirilir. Təşkilatçılar Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Türk və İslam Əsərləri Muzeyi və Azərbaycan Milli Xalça Muzeyidir.

Sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçası nümayiş olunacaq. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid "Xətai” ("Əjdahalı”) və "Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən "Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş "Dağkəsəmən” xalçaları da var. Sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə təqdim olunacaq.

Qeyd edək ki, sərgi iyunun 13-dək davam edəcək.

© xezerxeber.az

FOTOQALERIYA






124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR