İndoneziya səfiri Kürdəmirdə olub və iş adamları ilə görüşüb

03.03.2020 15:39

Martın 2-də İndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fanani Kürdəmirdə səfərdə olub.

XəzərXəbər-in məlumatına görə, rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovla görüşən qonağa Kürdəmirin tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verilib.

Kürdəmir rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə rayonun iş adamları da iştirak ediblər. Görüşdə xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

 

Kürdəmirli iş adamları İndenoziyanın son onilliklərdə iqtisadi cəhətdən yüksəlişinin səbəblərilə maraqlanıblar. Səfir onların suallarına təfsilatlı cavablar verərək, iki müsəlman ölkəsi arasında ticari-iqtisadi əməkdaşlıqların, mədəni əlaqələrin inkişafının dövrün tələbləri olduğunu vurğulayıb.

İcra başçısı Ceyhun Cəfərov isə qonağa Azərbaycan prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial-iqtisadi inkişaf kursu və bunun uğurlu nəticələri barədə məlumatlar verib.

 

Səmimi qəbula görə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərova təşəkkürünü bildirən səfir daha sonra Kürdəmir Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzi, Kürdəmir Süd emalı zavodu və "Azərxalça” ASC-nin Kürdəmir filialı ilə tanış olub.

Rayonun iri təsərrüfatlarından olan "Kürdəmir Agro” MMC-nin təsisçisi Zaur Əmirovun əməkdaşımıza verdiyi məlumata görə, səfirlə görüşdə iştirak edib və ondan xeyli maraqlı məlumatlar öyrənib: "Cənub-şərqi Asiyanın ən böyük iqtisadiyyatına malik olan İndenoziya iqtisadi potensialına görə dünyanın 16-cı ölkəsidir. G-20-yə daxil olan bu dövlət müsəlman dünyasında sənayeləşməyi bacaran nadir ölkələrindəndir. Ölkə Ümumdaxili Məhsulunun 43%-i sənaye, 14%-ə yaxını isə aqrar sektorun payına düşür. Elə bu iqtisadi göstəricilər də İndoneziyanın böyük sənayə ölkəsi olduğundan xəbər verir”.

 

Zaur Əmirovun sözlərinə görə, İndenoziya son 20-30 ildə sürətli iqtisadi inkişaf mərhələsi keçmiş və bu gün də böyüməsini davam etdirməkdədir: "G-20 dövlətləri arasında iqtisadi böyümə gücünə görə Çindən və Hindistandan sonra üçüncü ölkə olan İndenoziyanın təcrübələrini öyrənmək və ondan faydalanmaq Azərbaycanın iş dünyası üçün də maraqlıdır. Çünki İndenoziya OPEK-ə daxil olan neft ölkəsidir, buna baxmayaraq özünün qeyri-neft sektorunu da inkişaf etdirib. Cənab prezidentimiz İlham Əliyev də bir neçə il əvvəl Azərbaycan üçün artıq neft dövrünün başa çatdığını və qeyri-neft sektorunun inkişafı mərhələsinin başlandığını bildirmişdi. Prezidentimizin bu bəyanı Azərbaycanın yeni iqtisadi prioritetlərindən xəbər verir və İndenoziya təcrübəsinin öyrənilməsi bu baxımdan da zəruridir”.

 

Zaur Əmirovun sözlərinə görə, səfirin xüsusilə Kürdəmirə səfər etməsi təsadüfi deyil: "Kürdəmir torpağı və iqlimi baxımından aqrar sektor üçün ən uyğun bölgələrimizdəndir. Son zamanlar rayonun iqtisadi inkişafına yatırılan investisiyalar da Kürdəmiri xeyli dəyişdirib. Əvvəllər "ilan mələşən yer” kimi tanınan bu rayon indi aqrar sənaye sahəsində ən çox inkişaf edən bölgələrimizdən sayılır. Rayonda quşçuluq, meyvə-tərəvəz istehsalı müəssisələrinin, südçülük zavodlarının, aqroparkların yaradılması, xalçaçılığın inkişafı və s. kimi fəaliyyətlər onun iqtisadi simasını da xeyli dəyişdirib. Cənab səfirin də özəlliklə Kürdəmirlər maraqlanması bu baxımdan başadüşüləndir”.

Rayonun inkişafında icra başçısının da böyük xidmətlərinin olduğunu vurğulayan Zaur Əmirov Ceyhun Səfərovun bu işgüzarlığı ilə digər həmkarlarından fərqləndiyini bildirib.

© xezerxeber.az


62 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR