Ən qədim insanlar 300-500 min il əvvəl Azərbaycanın bu ərazisində məskən salıb - TƏSDİQLƏNDİ

30.07.2019 17:14

Son illərdə Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazilərdə 300-500 min il bundan əvvəl ən qədim insanların məskən saldıqları təsdiqlənib.

XəzərXəbər Trend-ə istinadla xəbər verir ki, bunu AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.

Onun sözlərinə görə, bu yaşayış məskənləri əsasən Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, eyni zamanda yaşı minilliklərlə ölçülən mağaralarda olub. Arxeoloji qazıntılar zamanı qədim yaşayış yerlərindən aşkar olunan əmək alətləri, maddi nümunələr ərazinin nəinki Azərbaycanın, hətta dünyanın ən qədim yaşayış yerlərindən biri olduğunu göstərir.

Qeyd edilib ki, bu il iyulun 1-dən qədim yaşayış məskənində arxeoloji qazıntılar aparılmağa başlanılıb. Burada tədqiqatların aparılması Cənubi Qafqaz və Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin aşkara çıxarılması və Naxçıvan tarixinin öyrənilməsi baxımından böyük rol oynayır. Tədqiqatlar zamanı torpaq laylarının altından yaşayış evlərinin qalıqları, obsidian parçaları, ocaq yerləri, boyalı basma naxışlı keramika nümunələri və müxtəlif əmək alətləri aşkar olunub.

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR