Moskvada Qarabağın XIX əsrə aid "Bəhmənli" xalçası nümayiş olunub

11.04.2019 09:42

Moskvadakı Şərq Xalqları İncəsənəti Dövlət Muzeyində "Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti" adlı sərgi açılıb.

Rusiya və Azərbaycanın Mədəniyyət nazirlikləri, eləcə də Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Xalça Muzeyi və Dövlət Şərq Xalqları İncəsənət Muzeyinin kolleksiyalarına aid 100-dən çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş olunub.

Sərginin açılış mərasimində çıxış edənlər dünyanın ən əsrarəngiz muzeylərindən olan Azərbaycan xalça muzeyinin eksponatlarının Moskvanın Şərq xalqları Muzeyində nümayiş olunmasının hər iki ölkənin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıblar.
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova nümayiş olunan ekspozisiyada xalça və tikmələr, geyim, mis qablar, zərgərlik əşyaları təqdim ediləcəyini bildirib: "Sərginin qonaqları muzeyin zəngin kolleksiyasından XIX əsrə və XX əsrin əvvəllərinə aid Azərbaycan evlərinə xas ənənəvi xüsusiyyətləri ilə seçilən əşyalarla da tanış olacaqlar".

Rusiya Şərq xalqları İncəsənəti Muzeyininin kuratoru Mariya Filatova isə sərgini çox mühüm hadisə adlandırıb: "Çünki sərgiyə gələnlər heç vaxt görmədikləri ilə qarşılaşırlar. Bugünkü sərgi həm Şərq xalqları İncəsənəti Muzeyinin, həm də Azərbaycan xalça muzeyinin eksponatlarının birgə nümayiş olunduğu ilk məkan olacaq. İki kolleksiyanı birləşdirən bu sərgi heç vaxt nümayiş olunmayıb. Biz moskvalılara şərq xalqları muzeyində olmayan eksponatları görmək çox maraqlıdır. Bunlar Bakıdan gətirilən şərq toxumalarına dair eksponatlardır, hansılar ki, Azərbaycan mədəniyyəti və onun ustalığının göstəriciləri haqqında xəbər verir".

Sərginin ən əhəmiyyətli eksponatı isə XIX əsrə aid Qarabağın "Bəhmənli" xalçası olub. Bu xalça 1918-ci ildən Moskvanın Şərq Xalqları İncəsənəti Muzeyinin eksponatları sırasına düşüb.

M.Filatova bugünkü sərginin bir nömrəli eksponatının məhz "Bəhmənli" xalçası olduğunu söyləyib: "Moskvanın Şərq xaqları incəsənət Muzeyinin kolleksiyası məhz bu xalçadan başlayıb. Qarabağın "Bəhmənli" xalçası 1918-ci ildən yaradılan Şərq xalqları muzeyinin ilk eksponatıdır".

Qeyd edək ki, "Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti" adlı sərgi bir ay müddətində ziyarətçilər üçün açıq qalacaq. (ONA)

© xezerxeber.az


271 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR