İsmayıl Şıxlının 100 illiyi ilə əlaqədar tədbirlər planı təsdiqlənib

03.04.2019 14:43

Prezident İlham Əliyevin 2019-cu il yanvarın 28-də imzaladığı Sərəncamla görkəmli nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunacaq.

XX əsr Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yeri olan İsmayıl Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaradıb. Ədibin məşhur "Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə hesab edilir. Yazıçının xalq yaradıcılığından güc alan əsərləri dərin həyat fəlsəfəsi və milli koloriti ilə oxucuların rəğbətini qazanıb. Üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir.

Dövlət başçısının yazıçının 100 illiyi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq edilib.

Nazirlikdən bildirilib ki, sənəddə ölkəmizin mədəniyyət müəssisələrində ədibin yubileyinə həsr olunan ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgisi və digər tədbirlərin keçirilməsi əksini tapıb.

May ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında İsmayıl Şıxlının yubileyinə həsr olunmuş təntənəli gecə gerçəkləcək.

Yubiley ilində Mədəniyyət Nazirliyinin dəstəyi ilə yazıçısının kitabının nəşri, həmçinin Milli Kitabxana və nazirlik tərəfindən "Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından "İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının çap olunması və təqdimatı, "Xalq yazıçı İsmayıl Şıxlı - 100” mövzusunda kitab sərgisinin təşkili nəzərdə tutulur.

Tədbirlər planında Azərbaycan Respublikasının Avstriya, Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə İsmayıl Şıxlının yubileyinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi də yer alıb.

Mədəniyyət Nazirliyi, Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi və "Qazax Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə "Xalq yazıçı İsmayıl Şıxlı – 100” adlı konfransın keçirilməsi planlaşdırılır.

Bakı Xoreoqrafiya Akademiyasında "Xalq yazıçısı İsmayıl Şıxlının yaradıcılığında tarixilik və millilik” mövzusunda elmi sessiyanın təşkili, Təhsil Nazirliyinin müəssisələrində yubileylə bağlı elmi konfrans, simpozium və seminarların keçirilməsi, məktəb kitabxanalarında İsmayıl Şıxlının bədii əsərlərinin oxusu və müzakirəsinin təşkili nəzərdə tutulur.

Yubiley ili ərzində Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda, birliyin bütün filiallarında yazıçının anım gecələrinin keçiriləcək, AYB-nin mətbuat orqanlarında ədibin ömür yolu və yaradıcılığı ilə bağlı silsilə yazılar dərc olunacaq.

© xezerxeber.az


186 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR