Arxeoloqlarımız daş qutu qəbirlər aşkarladı

17.09.2018 12:34

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Salyan, Biləsuvar və Yardımlı rayonlarında aparılan arxeoloji araşdırmaların nəticəsini açıqlayıb.

XəzərXəbər xəbər verir ki, institutdan Publika.az-a verilən məlumata görə, avqustun 5-dən sentyabrın 4-dək aparılan araşdırmalara AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Əlibaba Babayevin rəhbərlik edib. Ekspedisiyada həmçinin, İnstitutun şöbə müdiri, arxeoloq, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov da iştirak edib.

Salyan rayonunun Qırxçıraq yaşayış yerində Ələt-Astara magistral yolunun sol tərəfində, vaxtilə Rəşid Göyüşov tərəfindən arxeoloji qazıntılar aparılan sahənin davamında və Babazanli küp qəbirlərinin yerləşdiyi ərazilərdə tədqiqatlar aparılıb. Arxeoloji tədqiqatlar zamanı təndir, ocaq yerləri, yaşayış binalarının qalıqları, IX-XV əsrlərə aid olan müxtəlif təyinatlı saxsı qabların hissələri, həmçinin, metal, şüşə və s. qalıqları, dibək daşı və iki ədəd üzəri ərəb yazısı ilə işlənmiş daş plitələr əldə edilib.

Biləsuvar rayonunda arxeoloji kəşfiyyat işləri rayonun Bəydilli kəndi ərazisindəki qəbiristanlıqda yerləşən Yedditəpə abidəsindən birində aparılıb. Abidənin orta hissəsi çökmüş formadadır. Bu hal digər salamat qalmış təpəliklərdə də hiss olunur. Kəşfiyyat işləri zamanı ilk orta əsrlər dövrünə aid olan çox zəif mədəni təbəqə aşkarlanıb. Belə qənaətə gəlinib ki, həmin təpəliklərdən Sasani işğalları dövründə gözətçi (müşahidə) məntəqələri kimi istifadə edilib.

Azərbaycan-İran sərhəd-keçid məntəqəsi yaxınlığında yerləşən Turağay təpəsindəki kəşfiyyat işləri isə abidənin ilk orta əsrlər dövründə iri bir kəndtipli yaşayış məskəni olduğunu söyləməyə əsas verir.

Ekspedisiya işlədiyi dövrdə Yardımlı rayonundakı təsadüfi tapıntılarla əlaqədar həmin bölgədə olub, Peştəsər dağ silsiləsində yerləşən, Güm-güm adlandırılan, müxtəlif ölçülü altı ədəd mağaranı qeydə alınıb. Ən böyük mağara isə, Baş Köül (boşluq) adlandırılır. Bundan əlavə mağaraların yerləşdiyi yerin ətəyindəki ərazidə dənli bitkilərin əzilməsi üçün iri dibək daşı, həmçinin, xırman yeri, Kəhriz bulağı adlanan ərazidə bir ədəd iri katakomb qəbir, Peştəsər dağ silsiləsində orta əsrlərə aid gözətçi yerləri, yaxınlıqda yerləşən Köhnə Arvana yaşayış yerində dairəvi daş qutu qəbirlər, orta əsrlərə aid daha bir qəbiristanlıq qeydə edilib. Bu abidələr "Ayı nəsti” adlanan qayanın ətəyində yerləşir. Yaxınlıqda Plovtəpə abidəsi adlı ilk orta əsr yaşayış yeri var. Onu yerli əhali "Şütürüm (cəld, şıltaq) küllüyü” adlandırır. Rayonun Qarauldaş kəndi ərazisində "N" saylı hərbi hissənin yaxınlığında, Cin dərəsi adlandırılan ərazidə antik, ilk orta əsr və orta əsrlər dövrünə aid davamlı yaşayış yeri, elə həmin ərazidə iki ədəd büt daş, həmçinin, daş qutu qəbirlər, orta əsrlər dövrünə aid torpaq qəbirlər və s. Aşkarlanıb.

Tədqiqat işləri zamanı saxsı qabların bütövləri və hissələri, sapand daşları, bülöv daşı, metal əşyalar və s. aşkar olunub. Bölgədə arxeoloji tədqiqatların növbəti mövsümdə davam etdirilməsi planlaşdırılır.

© xezerxeber.az


488 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR