Qaxda antik dövrə aid olan yaşayış yeri tapıldı

16.09.2018 17:45

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı tədqiqatlar zamanı Qax rayonunda Qıpçaqtəpə abidəsi aşkarlanıb.

XəzərXəbər xəbər verir ki, institutdan Trend-ə verilən məlumata görə, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin rəhbəri olduğu Oğuz-Qax arxeoloji ekspedisiyası tərəfindən Qax rayonu ərazisində aparılan tədqiqatlar nəticəsində Qıpçaq kəndinin cənubunda (Üzümlü-Ağyazı istiqamətində olan şosse yolunun Əyriçay körpüsünə çatmamış, yolun sağ hissəsində, yerli əhali tərəfindən "Əyrinin tapı" (Əyriçayın təpəlikləri) adlandırılan ərazidə) çayın sağ sahilində yerləşən Qıpçaqtəpə abidəsi ilk dəfə qeydə alınıb.

Qıpçaqtəpə abidəsi 4 hektar ərazini əhatə edir. Çoxtəbəqəli abidə möhtəşəm yaşayış yerlərindən biridir. Cari mövsümdə Qıpçaqtəpə yaşayış yerində beş hissədə arxeoloji kəşfiyyat qazıntısı aparılıb. Qıpçaqtəpə abidəsində aparılan arxeoloji kəşfiyyat qazıntısı zamanı abidənin üst təbəqələrinin ilk orta əsr və orta əsrlərə aid olduğu müəyyənləşdirilib.

İlkin tədqiqatlar nəticəsində Qıpçaqtəpə yaşayış yerinin antik və ilk orta əsrlər dövründə yuxarıda qeyd etdiyimiz şosse yoluna yaxın hissədə yerləşdiyini, daha sonra son orta əsrlərə doğru yaşayış yerinin öz ərazisini qərbə doğru genişləndiyini söyləmək mümkündür. Son orta əsrlərdə əhali Sarı pir adlı hissədə həyat sürüb, XX əsrdə isə hazırkı Qıpçaq kəndinin ərazisində məskunlaşıb.

Qıpçaqtəpə abidəsinin qərbində yerləşən Sarı pir adlı qəbristanlığa da baxış keçirilmiş və fotoşəkillər çəkilib. Qəbir daşları üzərində olan yazılardan oranın XIX əsrə aid olduğunu söyləmək mümkündür.

Tədqiqat mövsümündə Qax rayonu ərazisində yerləşən ilk orta əsr alban dövrü abidələrinin bəzilərinin GPS koordinatları müəyyənləşdirilib və arxeoloji xəritəsi tərtib olunub.

© xezerxeber.az


502 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR