Qəbələ aeroportunda uşaq QƏBİRLƏRİ TAPILDI - FOTO

09.08.2018 12:22

Qəbələ Beynəlxalq Aeroportunda aparılan arxeoloji qazıntılar zamanı körpə uşaq qəbirləri, ev qalırları aşkar edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin XəzərXəbər-ə verdiyi məlumata görə, rəhbərlik etdiyi ekspedisiya bu ilin iyul ayı ərzində Qəbələ rayonundakı Qalayeri qədim yaşayış məskənində arxeoloji qazıntı işlərini davam etdirib.

Onun sözlərinə görə, Leylatəpə arxeoloji mədəniyyətinə - e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri abidəsi Qəbələ Beynəlxalq Aeroportu ərazisindədir. N.Müseyiblinin rəhbərliyi ilə bu abidədə 2012-ci ildən geniş arxeoloji qazıntı işləri aparılır.

"Bu il abidənin mərkəzi hissəsində qazıntı nəticəsində müəyyən edilmişdir ki, burada xalkolit dövründə yaşayışın uzun müddətli olduğunu sübut edən mədəni təbəqənin qalınlığı 3 m-dən artıqdır. Bu isə, Leylatəpə mədəniyyəti abidələri üçün olduqca yüksək göstəricidir.Qalayerində qazıntı zamanı qədim evlərin divarlarının qalıqları, müxtəlif saxsı qablarda körpə uşaqların dəfn edildiyi qəbirlər, qədim sənətkarlıq nümunələri olan saxsı qablara aid minlərlə fraqmentlər, müxtəlif cinsli daşlardan ibarət əmək alətləri aşkar edilmişdir. Bu yaşayış yerində hələ 6 min il əvvəl metal istehsalını sübut edən kiçik alətlərlə yanaşı mis ərintisi də aşkar edilmişdir. Dulus çarxının qalıqlarının aşkar edilməsi və saxsı qabların üzərində çarxda fırlanmanın izləri o dövrdə kütləvi keramika istehsalında ən yüksək texnologiyanın tətbiqini sübut edir”.

N.Müseyibli bildirib ki, əldə edilmiş maddi mədəniyyət qalıqları Qalayeri yaşayış məskəninin Şərqi Anadolu - Şimali Mesopotamiyanın qədim sivilizasiyalarının mədəni ənənələri ilə genetik bağlı olduğunu göstərib. Ekspedisiya müddətində rayon ərazisində kəşfiyyat işləri də aparılmış və nəticədə bir neçə arxeoloji sahə aşkar edilib.







© xezerxeber.az


329 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR