“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda

05.07.2018 12:05

İyulun 19-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun üçpərdəli "Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, "Mariya-2” səhnəsində təqdim olunacaq səhnə əsərində azərbaycanlı balet artistləri də çıxış edəcəklər. Azərbaycanın Əməkdar Artisti Timur Əsgərov Fərhadın, Fuad Məmmədov isə Fərhadın dostlarından birinin partiyasını ifa edəcək.

"Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Gözəl musiqi və parlaq xoreoqrafiya bu baleti daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin dramaturgiyasındadır.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülüb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub. Azərbaycan Prezidentinin 2018-ci il 27 may tarixli Sərəncamı ilə "Əməkdar Artist” fəxri adına layiq görülüb.

F.Məmmədov Bakı Xoreoqrafiya Akademiyasını bitirib. Taras Şevçenko adına Ukrayna Milli Operasının artisti olub. 2013-cü ildən Mariya Teatrında çalışır.

© xezerxeber.az


253 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR