İstanbulda AXC-nin 100 illiyi münasibətilə konsert təşkil edilib - FOTO

01.07.2018 17:04

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) tərəfindən təşkil olunan konsertə tanınmış ziyalılar, qardaş ölkədə yaşayan, işləyən və təhsil alan həmvətənlərimiz baxıblar.

Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Türkiyənin dövlət himləri səsləndirilib.

Yazıçı-publisist Mətin Yıldırım 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını qardaş ölkələrimizin tarixində mühüm hadisə kimi dəyərləndirib. O qeyd edib ki, Nuru Paşanın komandanlığı ilə qardaş Azərbaycanın köməyinə çatan Qafqaz İslam Ordusu xalqlarımızın işıqlı gələcəyinə qəhrəmanlıq salnaməsi yazıb. Bu günlərdə Gəncədə Nuru Paşanın abidəsinin açılışı Azərbaycan xalqının bu qəhrəman türk oğluna və Qafqaz İslam Ordusunun bütün şəhidlərinə göstərdiyi ehtiramın nümunəsidir.

İSTAD-ın sədri Səfər Qaraqoyunlu çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, əldə etdiyi uğurlar, XX əsrin sonunda müstəqilliyimizin bərpası, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunmasının əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamı həyatımızın bütün sahələrində özünü əks etdirir. İyunun 26-da Azərbaycan Ordusunun 100 illiyi münasibətilə Bakıda keçirilən möhtəşəm hərbi parad başa çatandan sonra Türkiyənin "Solo Türk” və "Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələrin Azərbaycan paytaxtında nümunəvi uçuşları qardaş ölkələrimizin daim bir-birinin yanında olmasının göstəricisidir.

Kadıköy icra hakimiyyətinin başçısı Mustafa Özarslan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə səmimi təbriklərini çatdırıb, Azərbaycan–Türkiyə qardaşlığının daim gücləndiyini vurğulayıb.

Sonra İSTAD-ın Türkiyə-Azərbaycan qardaşlıq xorunun ifasında Vətənimizin gözəlliyini, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən musiqilər səsləndirilib. Orkestrin bədii rəhbəri və dirijoru Tekin Böyükkayadır.

© xezerxeber.az

FOTOQALERIYA






118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR