MDB ölkələrinin arxiv xidməti rəhbərlərinin növbəti iclası olub

07.06.2018 14:36

Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsində Birliyə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 15-ci iclası keçirilib.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, Rusiyanın paytaxtı Moskvada keçirilən iclasda Qazaxıstan, Belarus, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanın arxiv xidməti rəhbərləri və nümayəndələri iştirak ediblər. İclasda ölkəmizi Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil edib.

Tədbirin gündəliyinə uyğun olaraq, Belarusun Ədliyyə Nazirliyi yanında Kargüzarlıq və Arxiv Departamentinin rəhbəri V.İ.Kuraş MDB ölkələrində vətəndaşların sosial-hüquqi mənafelərinin müdafiəsi kontekstində arxiv sənədlərinin saxlanma müddətləri və tərkibi haqqında ümumi məruzə ilə çıxış edib. Növbəti məsələ - elektron arxivlərin yaradılması və idarə edilməsi, həmçinin 2017-ci il ərzində arxiv işi sahəsində görülmüş tədbirlər barədə üzv ölkələrin nümayəndələrinin məruzələri dinlənilib, məlumat mübadiləsi aparılıb.

Rusiya Federal Arxiv Agentliyinin rəhbəri A.N.Artizov Rusiya Dövlət Arxiv Xidmətinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər barədə məlumat verib. Sonda A.N.Artizov MDB üzvü olan ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının sədri seçilib. Qırğızıstanın Bişkek şəhəri Şuranın növbəti iclasının keçiriləcəyi şəhər elan olunub.

© xezerxeber.az


286 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR