Kişineuda Mirzə Fətəli Axundzadənin əsəri səhnələşdirilib - FOTO

07.05.2018 15:02

Moldova Respublikasının Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi, Musiqi, Teatr və İncəsənət Akademiyası, İncəsənət Teatrı, Xoreoqrafiya və Multimedia fakültəsinin təşkilatçılığı ilə Moldovanın Luceafarul Respublika Teatrında Class Fest Beynəlxalq Teatr Məktəbləri Festivalının VIII nəşri keçirilib.

AZƏRTAC Azərbaycanın Moldovadakı səfirliyinə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan (Azərbaycan, Avstriya, Ukrayna, Qazaxıstan, Rusiya, Polşa, İtaliya, Fransa, Rumıniya, Belarus, Almaniya, Moldova Respublikası və Ermənistan) onlarla teatr məktəbinin nümayəndələri paytaxt Kişineuda toplaşıblar.

Festival çərçivəsində ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələri tərəfindən Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyo Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur” əsəri səhnələşdirilib.

Tamaşanın nümayişində Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov başda olmaqla, səfirliyin heyəti, Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri, Türkiyənin bu ölkədəi səfirliyinin əməkdaşları, eləcə də azərbaycanlı və moldovalı tələbələr, həmçinin Moldovada yaşayan azərbaycanlılar, ictimai və mədəni xadimlər iştirak ediblər.

Tamaşa istər azərbaycanlı, istərsə də yerli izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Sonda səfir Qüdsi Osmanov tamaşanın bədii rəhbərinə gül dəstəsi təqdim edib, bütün heyəti təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Festivalının təşkilatçısı və rəhbəri tərəfindən SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri Nofəl Vəliyev, müəllim Ruslan İsmayılov və tamaşanı səhnələşdirən tələbələr diplomla təltif edilib.

Qeyd edək ki, artıq bu heyətin iştirakı ilə yuxarıda adıçəkilən tamaşa bir sıra Avropa şəhərlərində müvəffəqiyyətlə nümayiş olunub.

Tamaşa yerli KİV nümayəndələri tərəfindən mətbuatda geniş işıqlandırılıb.

© xezerxeber.az

FOTOQALERIYA






410 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR