Şabranda əhəmiyyətli tapıntılar aşkarlanıb - FOTO

18.04.2018 16:27

Şabran rayonu ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində arxeloji qazıntıların növbəti mərhələsinə başlanılıb.

Qazıntıların bu mərhələsində aşkarlanan ən əhəmiyyətli tapıntılar elmi ədəbiyyatda tokin adlandırılan gildən əşyalardır. Tokinlər yazıyaqədər mübadilədə istifadə olunan gildən hazırlanmış xüsusi jetonlardır. Erkən tunc dövrünə aid bu əşyalara indiyədək Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikası ərazisindəki Maxta tarixi abidəsində rast gəlinib. Tokinlər Çaqqallıqtəpənin yerləşdiyi ərazidə ilkin inzibati idarəetmənin, yəni dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov AZƏRTAC-a müsahibəsində bildirib ki, bu ərazidəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə qədim təpəliklər mövcuddur. 2016-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə 5 min illik tarixə malik qazma evlər aşkarlanıb. Rayonun Aygünlü kəndi ərazisində yerləşən abidədə aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.

Ekspedisiya rəhbəri bildirib ki, son illərin kəşfiyyat xarakterli tədqiqatları nəticəsində burada eyni tipli başqa yaşayış məskənləri də aşkarlanıb. Hazırda Çaqqallıqtəpə abidələrinin sayı beşə çatır. Bu abidələrdə aparılan qazıntı-tədqiqatlarla mədəni təbəqənin xarakteri müəyyənləşib.

"Aprel ayının 10-dan başlayaraq qazıntı işləri I Çaqqalıtəpədə aparılır. Burada iki metr mədəni təbəqə öyrənilib. Qazıntılar nəticəsində çox sayda təsərrüfat quyuları üzə çıxarılıb. Bu quyuların bəziləri evlərin içərisindədir. Tədqiqatlar zamanı çox sayda əmək alətləri, dən daşları, çaxmaq daşları, ox ucluqları, oraq dişləri aşkarlanıb. Qazıntılar bir ay davam edəcək”, - deyə Səfər Aşurov bildirib.

Tədqiqatlar zamanı abidələrdə Kür-Araz mədəniyyətinin erkən tunc dövrünün xarakterik xüsusiyyətlərinə rast gəlinib. Qazıntılar Çaqqallıqtəpə abidəsində 4 tikinti xüsusiyyətini müəyyənləşdirməyə kömək edib. Birincisi, ərazidə erkən tunc dövrünə aid 5 qazma ev tapılıb və bu tip evlər Azərbaycanda hələ öyrənilməyib. İkincisi, Kür-Araz mədəniyyətinə xas olan gil möhrə üzərində yüngül konstruksiyalı ağac örtüklü evlərin qurulmasıdır ki, bu, bölgə üçün xarakterikdir. Üçüncü xarakterik xüsusiyyət daş özül üzərində dairəvi evlərin tikintisidir. Dördüncü isə çiy kərpicdən hörülmüş evlərdir.

Ekspedisiya rəhbəri bildirib ki, qazıntı işləri zamanı abidə ərazisindən tapılan materialların əksəriyyəti keramikadır. Bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən əsas amillərdəndir. Keramika nümunələrinin əksəriyyəti üzərində yarımşar formalı qulpları olan saxsı məmulatlardır. Bu isə erkən tunc dövrünün əsas atributu sayılır.

Qazıntılar zamanı əksəriyyətində ox ucluqları olan çaxmaq daşından alətlər də aşkarlanıb. Bu da sübut edir ki, eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində burada yaşayan yerli əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olub.

Ərazidən tapılan sümükdən hazırlanan bizlər, iynələr yaşayış məskənində toxuculuq mədəniyyətinin də formalaşdığından xəbər verir.

Arxeoloji qazıntılara gələcəkdə beynəlxalq tərkibli ekspedisiyaların cəlb olunması və ərazidə genişmiqyaslı araşdırmaların aparılması nəzərdə tutulur. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






283 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR