Hüseyn Cavidin Ev-Muzeyində şairin xatirəsi anılıb

05.12.2017 18:04

Görkəmli şair və dramaturq Hüseyn Cavidin vəfatından 76 il ötür. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyində şairin xatirəsi anılıb.

Muzeydən xezerxeber.az-a bildiriblər ki, tədbirdə bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı böyük sənətkarın həyat və yaradıcılığından danışıb, onun ölməz əsərlərinin ("Ana”, "Şeyx Sənan”, "İblis”, "Peyğəmbər”, "Səyavuş”, "Xəyyam” və s.) əhəmiyyətini diqqətə çatdırıb. Böyük ədib Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyduğu vurğulanıb.

Bildirilib ki, ulu öndər Heydər Əliyev unudulmaz şairin ədəbi irsinə daim xüsusi önəm verib. Ümummilli lider Heydər Əliyevin diqqəti və qətiyyəti sayəsində Hüseyn Cavidin nəşi uzaq Sibirdən doğma Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib.

Cavid yaradıcılığının əbədiyaşar söz sənəti kimi daim insan mənəviyyatının zənginləşməsinə xidmət etdiyini deyən G.Babaxanlı vurğulayıb ki, şairin əsərlərinin əsas mövzularından olan müharibələrə nifrət, sülhə çağırış bu gün də aktualdır.

Sonra iştirakçılar muzeyin eksponatları ilə tanış olublar. "Cavidin faciəsi” otağında dəyərli eksponatlardan olan şairin Sibirdəki məzarından götürülmüş bir ovuc torpaq xüsusilə maraq doğurub.

Muzeyin elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva fondda qorunan Hüseyn Cavidə məxsus dəyərli eksponatlar haqqında məlumat verib.

Tədbirdə Cavidin nəşinin Vətənə gətirilməsini əks etdirən film nümayiş olunub.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR