Bu gün IX Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

29.07.2017 13:38

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və "Gilan Holdinq”in dəstəyi ilə bu gün axşam saatlarında IX Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək.

Xezerxeber.az məlumat verir ki, festivalın keçiriləcəyi məkanlarda hazırlıq işləri başa çatdırılıb. Səhnə tərtibatı qurulub, alət və avadanlıqlar yerləşdirilib. Yerli və əcnəbi musiqiçilər dünən Qəbələyə gələrək otellərdə yerləşiblər.

Beynəlxalq Musiqi Festivalında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorlar iştirak edəcək, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera, Dövlət Akademik Opera və Balet Teatrının simfonik, İngiltərənin Femusa kamera orkestrlərinin və digər qrupların çıxışları olacaq.

Festivalın iştirakçıları arasında respublikanın tanınmış musiqiçiləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Azər Rzazadə, İsfar Sarabski, eləcə də Janna Qandelman (İsrail), Mixael Sladkin (ABŞ), Dmitri Yablonski (ABŞ), Canluicci Sartori (İtaliya), Mojca Zlobko Vaygl (Sloveniya), Nomeda Kazlaus (Litva) və digərləri də var.

Beynəlxalq Musiqi Festivalının ilk konserti bu gün saat 18:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin Kamera Musiqi Zalında olacaq. Axşam saat 21:00-da isə mərkəzin qarşısındakı parkda quraşdırılan açıq səhnədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Gənclər Kamera Orkestri çıxış edəcək.

Avqustun 3-dək davam edəcək festival çərçivəsində Qəbələ, Şəki və İsmayıllıda 15-ə yaxın konsertin verilməsi nəzərdə tutulur.

© xezerxeber.az


384 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR