Məcburi köçkün şagird beynəlxalq festivalda qalib gəlib - FOTO

21.07.2017 12:47

Gürcüstanın Barjomi şəhərində VI "Harmoniya” Beynəlxalq Musiqi Festivalı keçirilib. Festivalda Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan və digər ölkələrin nümayəndələri iştirak ediblər. Hər il olduğu kimi, budəfəki festivalda da musiqi məktəblərinin şagirdləri klassik və müasir solo, fortepiano, skripka və digər alətlər üçün yazılmış əsərləri ustalıqla nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın müxtəlif musiqi məktəblərinin şagirdləri festivalda fəal çıxış edərək müxtəlif nominasiyalar üzrə qalib olublar. Onlardan biri də Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Fəxrəddin Hüseynov adına Mahmudlu kənd musiqi məktəbinin üçüncü sinif şagirdi Əminə Yaqut Nəsirlidir. Balaca pianoçu bəstəkarlar Edvard Qriqin "Yolster rəqsi” və Azər Dadaşovun "Məzəli rəqs” əsərlərini uğurla ifa edərək münsiflər heyətinin qərarı ilə festivalın laureatı adını qazanıb. O, ən yaxşı ifa və səhnə perfomansına görə yüksək qiymətləndirilib.

Qeyd edək ki, builki yarışma əvvəlkilərə nisbətən gərgin keçib. Səbəb yarışmada bədxah düşmənlərimizin fəallıq nümayiş etdirməsi və ən əsası münsiflər heyətinin yeddi üzvündən üçünün erməni olması idi. Buna baxmayaraq, Əminə Yaqut istedadını nümayiş etdirərək öz yaş kateqoriyası üzrə uğur qazana bilib. Onun bu qələbəsi ermənilər tərəfindən də etiraf olunub. Münsiflər heyətinin üzvlərindən biri, ABŞ-da yaşayan dünya şöhrətli pianoçu David Aladaşvili səhnəyə qalxaraq azərbaycanlı məktəblini təbrik edib, onun valideynlərinə və müəlliminə minnətdarlığını bildirib. "Hər il bu festivalda iştirak edirəm, deyə bilərəm ki, Azərbaycan güclü musiqi ənənələrini qorumaqdadır. Bu, sizin ölkədə dövlət tərəfindən mədəniyyətə göstərilən yüksək qayğının nəticəsidir. Azərbaycanlı məktəblilərin ifaları çox xoşuma gəldi, onları gələn il yenə bu yarışmada gözləyirik”, - deyə D.Aladaşvili qeyd edib.

Əminə Yaqutun müəllimi İradə Abdullayeva təəssüratlarını bölüşərək deyib: "Bu yarışmada Azərbaycanın adının yüksəldilməsi üçün var gücümüzlə çalışdıq. İnanırdım ki, şagirdlərimiz gözəl nəticələr göstərəcəklər. Xüsusən, Əminə Yaqutun çıxışı çox uğurlu alındı. Şadam ki, çəkdiyimiz əziyyətlər yerdə qalmadı”.

Qubadlı Rayon Mədəniyyət və Turizm İdarəsi, eləcə də musiqi məktəbinin rəhbərliyi şagirdlərin festivala ciddi hazırlaşmaları üçün lazımi təşkilati dəstəyini əsirgəməyib.

Qaliblər festivalın fəxri diplomları ilə təltif olunublar.

© xezerxeber.az

FOTOQALERIYA






334 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR