Xalq artisti Xumar Zülfüqarova vəfat edib

03.07.2017 11:39

Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı, xalq artisti Xumar Zülfüqarova 90 yaşında vəfat edib.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub.

Üzeyir Hacıbəylinin "Koroğlu” operası əsasında rəqs qurmuş, Qara Qarayevin "Yeddi gözəl” baletində çıxış edib, kinofilmlərdə rol alıb. "Şah İsmayıl”, "Aşıq Qərib”, "Əsli və Kərəm”, "Leyli və Məcnun” operalarında çıxış edib.

1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib.

© xezerxeber.az


353 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR