Xəzər Xəbər

Xəzər gilavarı belaruslu şairin poeziyasına əbədi həkk olunub - Belaruslu nazir Azərbaycandan yazdı

Mədəniyyət | 16:22 • 12 May 2018
Xəzər gilavarı belaruslu şairin poeziyasına əbədi həkk olunub -

MDB ölkələri üzrə "Sozvuçie” Beynəlxalq Ədəbiyyat və Publisistika Portalında "Azərbaycan və Rıqor Borodulin” adlı məqalə dərc edilib. Məqalənin müəllifi Belarus Respublikasının informasiya naziri, tanınmış yazıçı və publisist Ales Karlyukeviçdir.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Belarus və Azərbaycan ədəbi əlaqələrindən söhbət açılır. Müəllif diqqətə çatdırır ki, hələ 1930-cu illərdə Azərbaycan yazıçıları Belarusun xalq nəğməkarlarını - Kupala və Kolasın yaradıcılığını təbliğ edirdilər. 1935-ci ildə "İnqilab və mədəniyyət” jurnalında Yanka Kupala barədə məlumat dərc olunmuşdu. 1939-cu ildə isə Kupala Nizaminin 800 illik yubiley tədbirlərinin təşkili üzrə komissiyanın tərkibinə daxil edilmişdi. Belarus xalqının nəğməkar şairinin "Oğlan və təyyarəçi” adlı kitabı 1940-cı ildə Bakıda nəşr edildi. Bundan başqa, müxtəlif illərdə Bakıda Edi Oqnesvetin, Pyotr Brovkanın, Yelena Vasilyeviçin, Pavel Kovalyovun, Kastus Kireyenkonun, Yakub Kolasın və digər belaruslu müəlliflərin kitabları nəşr olunub.


Məqalədə daha sonra deyilir: "Belarusun tanınmış şairi və tərcüməçisi Rıqor Borodulinin Azərbaycanla əlaqələri barədə danışmaq istəyirəm. Rıqor Borodulinin Azərbaycanda cəmi bir neçə şeiri "Ədəbiyyat və incəsənət” (1975) qəzetində və "Ulduz” (1977) jurnalında dərc edilib. Bu şeirləri Azərbaycan dilinə İsa İsmayılzadə və Abbas Abdulla çevirib. Amma dəqiq məlumdur ki, 1967-ci və 1981-ci illərdə Rıqor Borodulin Azərbaycanda olub, Bakını özü üçün "kəşf” edib. Belarusun klassik şairi Azərbaycan haqqında neçə-neçə şeir yazıb, azərbaycanlı dostlarına şeirlər ithaf edib. O, 1967-ci ildə Azərbaycanın Xalq şairləri Məmməd Arazla, Fikrət Qocayla görüşüb tanış olur və qayıdandan sonra Fikrət Qocaya "Etiraf poeması: Azərbaycana məktub” adlı əsər həsr edir. Bu poema 1973-cü ildə onun "Rum” şeirlər kitabında çıxıb. Görünür, Rıqor Borodulin Bakıda hərbi hissədə təxminən üç həftəlik toplanış təcrübəsində imiş. Bu barədə Bakı Hərbi Hava Qüvvələri Dairəsinin qəzetində yazılıb..."


Məqalədə daha sonra oxuyuruq: "Onun 1981-ci il Bakı səfəri isə daha dolğun və zəngin olub. Rıqor İvanoviç Azərbaycan paytaxtına 1981-ci il mayın 31-də gəlib. Gündəliklərinin birində yazır: "Şəhəri gəzirəm. Bakının havasından neft qoxusu gəlir. Şəhəri həm tanıyıram, həm də tanıya bilmirəm. Çayxanalar ağacların kölgəsində...”.


Bakıya Rıqor İvanoviçlə birlikdə televiziya briqadası da gəlib. Onların sırasında Belarus Dövlət mükafatı laureatı, Belteleradionun baş teleoperatoru, kinooperator Vladimir Pranko da vardı. Şairin gündəliyindən oxuyuruq: "...Yolda Vilayət Rüstəmzadəyə rast gəldik (Belarus barədə poema yazmışdı, qardaşı həlak olmuşdu, izini tapmışdılar), Maşerov qəbul eləmişdi. O, verilişdə iştirak etməyə razılıq verdi. Cümə axşamı poemanın axırının sətri tərcüməsi hazır olacaq”.


Belarus şairi öz gündəliklərində və bloknotlarında çoxlu Azərbaycan sözləri və onların adlarını yazıb. Onun diqqətini bir çox melodiyalı sözlər çəkib - torpaq, vətən, nağıl, layla... sözləri. Belarus şairi onların mənasını köhnə lüğətlərdən tapıb. Rıqor Borodulin Bakıda yazıçı Sabir Əhmədovla, şair, yazıçı və publisist Məmməd İsmayılla da tanış olur.


Müəllif qeyd edir ki, televiziya filminin çəkilişlərinə hazırlıq mərhələsində Borodulin Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovla (1910-1988) da görüşür. (Haşiyə: Böyük Vətən müharibəsində Aslan Vəzirov Belarusun alman faşistlərindən azad edilməsi uğrunda döyüşüb. 1944-cü ilin mayında o, 1-ci Qvardiya mühəndis-istehkamçı briqadasının komandiri təyin olunub. Pronya və Basya çayları ətrafında almanların müdafiə mövqelərinin yarılmasında iştirak edib. Mogilyov rayonunda Dnepr çayını döyüşə-döyüşə keçib. Onun briqadası məşhur "Mogilyov briqadası” kimi tarixə düşüb. Bu döyüşlərdə briqadasına bacarıqla rəhbərlik etdiyinə və göstərdiyi şücaətə görə o, ikinci dəfə Qırmızı Ulduz Ordeni ilə təltif edilib. Halbuki Vəzirov buna qədər iki dəfə kontuziya almışdı, lakin döyüş meydanını tərk etməmişdi).


Şübhəsiz, Rıqor Borodulinin Azərbaycan və azərbaycanlılarla ozamankı may-iyun görüşləri onun yaradıcılığına da yeniliklər gətirib, bu uzaq ölkənin Belarusda tanınması və dərk edilməsi istiqamətində mühüm rol oynayıb. Xəzər gilavarı Belarusun Xalq Şairinin poeziyasına əbədi həkk olunub. Buna zərrə qədər şübhə yoxdur. O, Minskdə yaşayan azərbaycanlı rəssam Kamil Kamalın emalatxanasına çox böyük həvəslə gedərdi. Bu qrafika və təsviri sənət ustasının yaradıcılığı barədə ürək genişliyi ilə gözəl sətirlər də yazmışdı. Fırça ustası isə Rıqor Borodulinin portretini yaradıb. İndi bizim şairimiz həyatda yoxdur, amma rəssam onun Çin poeziyasından etdiyi tərcümələr kitabına gözəl tərtibat verib. Kamil Kamalın aşağıdakı fikirləri də Ales Karlyukeviçin diqqətindən yayınmayıb: "Yaxşı olar ki, Rıqor Borodulinin tərcüməsində Azərbaycan şairlərinin şeirlərini də toplayaq, onun Azərbaycan və azərbaycanlılara həsr etdiyi poetik toplusunu nəşr edək. Mən böyük məmnuniyyətlə bu topluya illüstrasiyalar hazırlayaram. Borodulinin şeirlərini, Səməd Vurğunun və Fikrət Sadıqın Belarus dilindəki şeirlərini və onun "On üç şam” poemasını topluya daxil edək”.


Sonda Belarusun informasiya naziri Ales Karlyukeviç belə bir ədəbi layihənin - iki həqiqi yaradıcı şəxsiyyətin dostluq layihəsinin reallaşdırılacağına və bu layihənin iki xalq arasında mədəni bağların daha da möhkəmlənəcəyinə bir töhfə olacağına ümidvar olduğunu bildirir.

Xəbər lenti