Xəzər Xəbər

Oğlunun toy günü ölən Muxtar Maniyev haqda MARAQLI FAKTLAR - FOTO

Mədəniyyət | 14:38 • 5 Aprel 2020
Oğlunun toy günü ölən Muxtar Maniyev haqda

Ötən gün mərhum Xalq artisti, aktyor Muxtar Maniyevin doğum günü idi.

Milli.Az "Kulis.az"a istinadən bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.

Muxtar Maniyev 4 aprel 1935-ci ildə Bakıda doğulub. Atası Qala kəndindən, anası İçərişəhərlidir. Atası ilə anası xalaoğlu, xalaqızı olublar. Ailədə 8 uşaq olublar, altı qardaş, iki bacı. İlk təhsilini 199 saylı məktəbdə alıb. Uşaqlıq illərində aktyor olmaq həvəsində olmadığından Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənətinə istiqamətlənib. Mühəndis diplomu aldıqdan sonra o, sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil almağa başlayıb.

Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. İnstitutun birinci kursunda oxuyanda "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. Poladın obrazı haqqında o vaxtın tənqidçiləri müsbət fikir söyləyərək deyiblər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib. Muxtar Maniyev 157 filmə çəkilib.

Həyat yoldaşı Nəsibə ilə kinostudiyanın nəzdində açılmış aktyor kurslarında tanış olublar. Həmin kurslara Adil İsgəndərov rəhbərlik edirdi. Nəsibə isə burada aktyorluqdan təhsil alır. Muxtar Maniyev orada tələbələrə dərs deyən zaman Nəsibəni görüb bəyənir və onlar ailə qururlar.

Xanımı ilə bir-birlərini çox seviblər. Aktyor şəkərli diabetin ağır formasından əziyyət çəkib. Xanımı hər zaman onun yanında olub, qayğısına qalıb hətta teatr məşqlərinə, çəkilişlərə Muxtar Maniyevin ardınca gedərək ona termosda limonlu çay aparırmış.

Yaxşı xörək bişirməyi bacarırmış. Xaşı, pomidor yumurta çığırtmasını çox dadlı bişirərmiş. Xanımı xatirələrində birində deyir: "Yeni ailə quranda ilk dəfə yemək bişirmişdim. Sən demə duzunu çox atmışam. Muxtar yeməkdən bir tikə yeyib, su içirdi. Hər tikədən sonra su içməyi diqqətimi çəkdi. Yeməyin dadına baxdım ki, çox duzludur, utandım. Amma Muxtar ürəyimə dəymədi. Dedi ki, narahat olma. Gələn dəfə daha yaxşı olar".

Ailə qurandan sonra siqareti və içkini tərgidib. Deyilənə görə çox kinsiz və kövrək adam olub. Yanında bir adam ağlayanda onun da gözləri dolub. 81 il yaşayan aktyor fiziki cəhətdən çox güclü olub. Cavanlığında üzgüçülüklə, boksla, güləşlə məşğul olub. Mütailə etməyi çox sevib. Moskvada çıxan bütün qəzet və jurnallara abunə olub.

Bu evlilikdən onların üç oğlu olub. Aktyor oğlanlarına qarşı çox diqqətli olub. Həftədə bir dəfə o, ailəsini Fəvvarələr meydanındakı "Nərgiz" kafesinə apararaq deyirmiş ki, uşaqlar çəngəl-bıçaqla rəftar etməyi öyrənsinlər, süfrə mədəniyyətinə bələd olsunlar.

Sənətini çox sevib, rolun böyük-kiçikliyinə baxmayıb. Amma xasiyyətcə ötkəm Adam olub. Bəzən belə olub ki, onu filmə təsdiq ediblər, amma səhəri gün çəkmək istəməyiblər. Və ya baş rola təsdiq edib, ikinci dərəcəli rola çəkiblər.

"Ölsəm, bağışla" filmində Seyidrza rolunu ifa edib. Filmdə Seyidrza "Süsən sünbül" xalq mahnısını oxuyur. Muxtar Maniyev o mahnını çox axtarıb. Yaxşı səslənməsi üçün xeyli məşq edib. Həmin filmdə Fəxrəddin Manafovla tərəf müqabili olub. Film çəkilişləri zamanı mehmanxanada otaq yoldaşı olurdular.

Adil İsgəndərov Akademik Dram Teatrına rəhbərlik edəndə orada qısa müddət çalışıb. Sonradan Adil İsgəndərovu Kinostudiyaya direktor təyin ediblər. Muxtar Maniyev də teatrdan çıxıb kinostudiyaya gedib.

Aktyor sağlığında öz yaradıcılığı haqqında belə deyib: Mən xoşbəxt adamam ki, heç vaxt özümü məhdudlaşdırmamışam. Filan rolda oynaya bilərəm, o birində yox deməmişəm. Qətiyyən! Hansı rol təklif olunubsa, oynamışam. Oynamaq istəyib oynaya bilmədiyim rollar da olub. Olub, o qədər olub ki... Sonra gördüm, yox, bu xam xəyaldır. Baxma, təklif olunan rolları geri qaytarmamışam, elə rollar var, onun konkret adamı olur. Ürəyim istəyib, nə olsun, ürək istəməklə deyil axı. Gərək öhdəsindən elə gələsən, alnı açıq olasan. Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam, lazım olanda çağırıblar, gedib çəkilmişəm. Belə deyim də: əlimyandı məqamda yada düşmüşəm. Təsadüfən çəkildiyim o qədər filmlər olub ki. Deyiblər, yox, bu Muxtarın roludur, bunun öhdəsindən ancaq o gələ bilər.

Muxtar Maniyev uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkib. Vəziyyəti getdikcə pisləşən sənətkarın 2015-ci il 11 avqust tarixində sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub. Vəziyyəti stabil olan aktyorun səhhəti 22 dekabrda yenidən pisləşmiş, səhər saatlarında dünyasını dəyişib.Vəsiyyətinə əsasən, Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılıb.

Xanımı Nəsibə Maniyeva həmin günü belə xatırlayır: Dünyasını da dekabrın 22-də dəyişdi. Oğlumuz Turalın toy günü dekabrın 22-də olub. 2015-ci il dekabrın 22-də Turalın toyunu etdik. Muxtarın vəziyyəti yaxşı deyildi. Allaha yalvarırdım ki, ona bir şey olmasın. Oğlunun toyunu görsün. Şükür ki, Allah möhlət verdi. Bir ildən sonra oğlunun toyunun birinci ildönümündə Muxtar vəfat elədi. Qismətə baxın ki, Muxtarın doğum günündə nəvəmiz dünyaya gəldi.

Xəbər lenti