Xəzər Xəbər

Los Ancelesdə Firəngiz Əlizadənin yeni əsərinin premyerası keçirilib - FOTO

Mədəniyyət | 11:06 • 23 İyul 2019
Los Ancelesdə Firəngiz Əlizadənin yeni əsərinin premyerası keçirilib -

Azərbaycanın xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Firəngiz Əlizadənin bəstələdiyi "Harmoniya” adlı yeni əsərin dünya premyerası iyulun 20-də ABŞ-ın Los Anceles şəhərində keçirilib.


Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.


Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən konsertdə əsər məşhur dirijor Eduard Şmiderin rəhbərliyi altında tanınmış "iPalpiti” Kamera Orkestri tərəfindən ifa olunub. F.Əlizadə də konsertə qatılaraq əsərin piano partiyasını ifa edib.

22 ölkəni təmsil edən və bir sıra beynəlxalq müsabiqələrin qalibi olmuş gənc musiqiçilərdən ibarət "iPalpiti” Kamera Orkestrinin tərkibinə azərbaycanlı skripka ustası Azər Dəmirov da daxildir.


Konsertdə 2 mindən çox los ancelesli klassik musiqisevərlər, o cümlədən tanınmış incəsənət xadimləri və musiqişünaslar, müxtəlif icmaların nümayənədələri və jurnalistlər iştirak ediblər. Konsert ərəfəsində bir sıra ABŞ mətbu orqanlarında, o cümlədən "Los Angeles Times” qəzetində F. Əlizadənin əsərinin premyerası haqda məqalələr dərc olunub.

Tədbirdən öncə qonaqlara Azərbaycan və F. Əlizadə haqqında məlumatları özündə əks etdirən broşürlər paylanılıb. Broşürdə Azərbaycanın zəngin mədəniyyəti və musiqi irsi, multikulturalizm və qədim tolerantlıq ənənələri haqqında ətraflı məlumat verilib.


Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev isə öz təbrik mesajında F.Əlizadənin bəstəsi olan və ilk dəfə olaraq səsləndirilən "Harmoniya” əsəri haqqında məlumat verərək, əsərin Şərqlə Qərbin, müxtəlif mədəniyyətlər, dinlər və sivilizasiyaların qovuşduğu və mehriban birgə yaşadığı Azərbaycanı özündə əks etdirdyini vurğulayıb.

Broşürdə həmçinin bəstəkar F.Əlizadənin yaradıcılığı haqqında ətraflı məlumat verilərək, onun əsərlərinin dünyaca məşhur "Kronos Quarteti”, "Yo-Yo Ma”, "Berlin Philharmonic”, "Concertgebouw Orchestra”, Hilary Hahn və digər musiqiçilər tərəfindən ifa edildiyi qeyd olunub.

Qeyd edək ki, Kaliforniyaya səfəri müddətində F.Əlizadə həmçinin Beverli Hills şəhər meriyasının binasında iyulun 18-də gənc amerikalı bəstəkarlara master-klass verib.

Xəbər lenti