Xəzər Xəbər

Qobustan qoruğunda 4 min yaşı olan qədim masaüstü oyun təsviri aşkar olunub

Mədəniyyət | 15:51 • 4 Dekabr 2018
Qobustan qoruğunda 4 min yaşı olan qədim masaüstü oyun təsviri aşkar olunub

Qobustan qayaüstü rəsmləri elm aləminə məlum olandan bəri bu sahənin tədqiqatçılarını təəccübləndirməkdə davam edir. Qobustan qoruğundakı Tunc dövrünə aid "Çapmalı” yaşayış yeri yaxınlığındakı qayalardan birində qədim Misirdəki "Tazılar və çaqqallar 58 xana” masaüstü oyunu ilə oxşarlıq təşkil edən rəsm aşkar olunub.


Bu barədə AZƏRTAC-a məlumat verən Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev qayaüstü oyun təsvirinin 4 min ilə yaxın yaşı olduğunu bildirib. Qeyd edib ki, Qobustan abidələrinin aşkar olunmasından 80 il keçməsinə baxmayaraq, bu gün də qoruqda elmi tədqiqatlar aparılır. Hazırda elmi tədqiqatların əsas istiqaməti qayaüstü təsvirlərin elektron məlumat bazasının yaradılmasıdır. Qayaüstü təsvirlərin qeydiyyata alınması zamanı bəzən yeni təsvirlər də aşkar olunur: "Ümumilikdə qayaüstü təsvirlərin məlumat bazasının yaradılması layihəsi çərçivəsində 500-dən artıq yeni təsvir aşkarlanıb. Bunların arasında Qobustan üçün xarakterik olan təsvirlərlə yanaşı, yeni istiqamətli təsvirlər də var. Böyükdaş dağının aşağı səkisində, "Çapmalı” qədim yaşayış yerinin yaxınlığında yerləşən Tunc dövrünə aid oyun təsviri xüsusilə diqqəti cəlb edir”.


Direktor deyib ki, Tunc dövrü masaüstü oyunlarının tədqiqatçısı, amerikalı arxeoloq, ABŞ-ın Arizona Dövlət Universitetinin Antropologiya bölməsinin əməkdaşı Valter Krist 2018-ci ilin yazında Azərbaycanda səfərdə olarkən bu təsvirlə tanış olub.


"Bu yaxınlarda ABŞ-ın Yaxın Şərq və Aralıq dənizi hövzəsinin qədim tarixini tədqiq edən "Amerika Şərq Tədqiqatları Məktəbləri” qeyri-hökumət təşkilatının Denver şəhərində növbəti konfransı keçirilib. "Konfransda Valter Krist "Qafqazda Yaxın Şərq masaüstü oyunları, Azərbaycandan yeni sübutlar” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Qobustandakı "Çapmalı” yaşayış yeri yaxınlığındakı qayalardan birində əks olunan təsvir barədə məlumat verib. Bildirilib ki, təsvir qədim Misirdəki "Tazılar və çaqqallar 58 xana” masaüstü oyunu ilə oxşarlıq təşkil edir. Valter Krist Cənubi Qafqazın əkinçi-maldar əhalisinin Qədim Misir, o cümlədən Yaxın Şərqlə əlaqələrinin indiyədək ehtimal edildiyini də intensiv olduğunu söyləyib”, - deyə Vüqar İsayev bildirib.


Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru əlavə edib ki, Valter Kristin konfransda Qobustandakı oyun təsviri haqqında təqdimatı böyük marağa səbəb olub və nüfuzlu sciensnews.org saytı da bu barədə xəbər hazırlayıb. Amerikalı alimin çıxışı ABŞ-ın nüfuzlu "Science News” jurnalında da "Daş üzərində həkk edilmiş Tunc dövrünün "58 xana” adlı masaüstü oyunu Azərbaycanda tapılıb” sərlövhəsi ilə dərc edilib.


Tunc dövründə bu cür masaüstü oyunların müxtəlif versiyaları olub. Qobustanda aşkar olunmuş oyunun "Tazılar və çaqqallar 58 xana” oyunu adlandığı və eramızdan əvvəl III minillikdə Misirdə yarandığı güman olunur. Eramızdan əvvəl II minilliyin əvvəllərindən başlayaraq ticarət və miqrasiya vasitəsilə bu oyunlar Mesopotamiyaya, Anadoluya, Kiprə və Azərbaycan ərazisinə yayılıb. Bu oyunun qaydaları tam bəlli olmasa da, bəzi tədqiqatçılar onun nərd oyunun qədim variantı olduğunu hesab edirlər.


Qobustanda bu oyun təsvirinin yerləşdiyi "Çapmalı” düşərgəsi 1970-1971-ci illərdə arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova tərəfindən arxeoloji qazıntılar vasitəsilə öyrənilib. Tədqiqatlar nəticəsində məlum olub ki, bu düşərgə eramızdan əvvəl II minilliyin əvvəlindən orta əsrlərədək fəaliyyət göstərib. Düşərgədən aşkar olunmuş maddi mədəniyyət nümunələri və yaxınlıqdakı qayaüstü təsvirlərə əsasən demək olar ki, bu düşərgə dini ibadət yeri rolunu oynayıb. Maraqlıdır ki, qədim Misirdə də "Tazı-çaqqal oyunu”na dini kult və simvollar kontekstində rast gəlinir.

Xəbər lenti