Xəzər Xəbər

Böyüklüyün, ucalığın, əbədiyaşarlığın ünvanı - Hüseyn Cavid - Ədibin anadan olmasından 136 il ötür

Mədəniyyət | 10:24 • 24 Oktyabr 2018
Böyüklüyün, ucalığın, əbədiyaşarlığın ünvanı - Hüseyn Cavid -

Cavidin söykəndiyi həqiqətin bircə mənası olub: xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək! Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindən biridir. Ümummilli lider Heydər Əliyev unudulmaz dramaturqun yaradıcılığını çox yüksək dəyərləndirərək demişdir: "Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”.


Ulu Öndərin Hüseyn Cavidlə bağlı əvəzsiz tarixi xidmətlərini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən böyük sənətkarımızın əsərləri latın qrafikasında çap olunub, anadan olmasının 125, 130 və 135 illiyi dövlət səviyyəsində keçirilib.


AZƏRTAC xəbər verir ki, bu gün görkəmli şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasından 136 il ötür.


Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində dünyaya göz açıb. Musiqini, muğamatı yaxşı bilən, məlahətli səsi ilə tanınan atasının qəzələ vurğunluğu gələcəyin söz ustadı Hüseynə də keçib. O, əvvəlcə mollaxana, sonra Naxçıvan rus-tatar məktəbində (Məhəmməd Tağı Sidqinin "Məktəbi-tərbiyə”sində), Təbrizin "Talibiyyə” mədrəsəsində, İstanbul universitetində təhsil alıb. İstanbuldan yazdığı məktubunda "Əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir” fikri Hüseyn Cavidin düşüncələrindən xəbər verir. Bu həqiqət və məhəbbətin mənasını isə onun vətənini, millətini azad və xoşbəxt görmək arzusu təşkil edirdi.


İstanbuldan qayıdan Hüseyn Cavid Naxçıvanda, Bakıda, Gəncədə, Tiflisdə müəllimlik edib, habelə bədii yaradıcılıqla məşğul olub. İlk kitabları olan "Ana” və "Keçmiş günlər” Tiflisdə çıxıb. 1918-ci ilin mart hadisələrindən sonra Təbrizə gedən şairin Şeyx Məhəmməd Xiyabaninin "Təcəddüd” qəzetində şeiri dərc edilib. Naxçıvana qayıdan Hüseyn Cavid Mişkinaz xanımla evlənib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığı "Ədəbiyyat dərsləri” ortaq türk ədəbiyyat tədrisinin yaradılması istiqamətində atılan ilk addımlardandır.


Sovet hakimiyyətinin ilk illərində tale ustad sənətkarı sanki sınağa çəkirdi. Qardaşını, qızını itirir. Xanımı cərrahiyyə əməliyyatı olunur. Ehtiyac ucbatından şəxsi kitabxanasındakı kitabları, dolabındakı paltarları satır... Ədəbi tənqid isə bu dövrü 40 yaşlı Hüseyn Cavidin yaradıcılığında "məfkurəvi tərəddüd və böhran” adlandırıb. Halbuki o, bu illərdə "Peyğəmbər” və "Topal Teymur” əsərlərini yazıb.


1937-ci il iyunun 4-ü və ondan sonrakı hadisələr dahi sənətkarın ideya-məfkurə istiqamətini zərrə qədər də dəyişə bilməyib.


Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ açıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olub. Dahi sənətkarın zəngin irsinə "Keçmiş günlər”, "Bahar şəbnəmləri” şeirlər silsiləsi, "Azər”, "Kor neyzən” poemaları, "Ana”, "Maral”, "Şeyx Sənan”, "İblis”, "Şeyda”, "Uçurum”, "Afət”, "Peyğəmbər, "Topal Teymur”, "Knyaz”, "Səyavuş”, "Xəyyam”, "İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. "Atilla” (Gözəl Eyida), "Çingiz”, "İblisin ilhamı”, "Telli saz”, "Şəhla”, "Koroğlu” adlı əsərləri isə müsadirə olunub.


"Mənim Tanrım gözəllikdir, sevgidir”, - deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb. Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb.


Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsi gətirən böyük sənətkar "Dəniz tamaşası” (1912) şeirində qoca türkün dili ilə millətin döyüş ruhunun qorunmasının vacibliyindən söz açıb. Dil və din birliyinin qorunub saxlanması problemini "Hərb və fəlakət” şeirində qələmə alaraq "İttihad! İştə ən böyük ideal” yazıb.


Ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran şairin:


Kəssə hər kim tökülən qan izini,


Qurtaran dahi odur yer üzünü -


kəlmələri bu gün də aktualdır. Bu misralar zamanın gərdişini dərindən duyan dahi sənətkarın münaqişə, müharibə və digər qanlı olayların hələ uzun illər düşüncələrə hakim kəsiləcəyini şair qəlbi ilə hiss etdiyinin nişanəsidir.


Hüseyn Cavidə ötən əsrin 50-ci illərində bəraət verilsə də, ona ehtiyatla yanaşılıb. Dahi sənətkara siyasi bəraəti ümummilli lider Heydər Əliyev qazandırıb. Cavidin həyatında, yaradıcılığında, daha doğrusu, onun xalqımıza qaytarılmasında, təbliğ və təşviqatında önəmli yeri ümummilli lider Heydər Əliyev tutur. Məhz bu böyük insanın qayğısı və diqqəti nəticəsində Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirildi. Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn olundu. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə Hüseyn Cavid məqbərəsi tikildi, Bakıda Hüseyn Cavidin ev-muzeyi açıldı.


...Şərqin qapısı sayılan Naxçıvanda bu gün ağ işıq kimi ətrafa nur səpən bir məqbərə var - Cavidlər məqbərəsi! Bu müqəddəs torpağın sakinləri də, oraya gələn qonaqlar da həmişə üç ünvanı ziyarət etməyi mənəvi borc bilirlər: Əshabi-Kəhf, Mömünəxatın türbəsi və Cavidlər məqbərəsi! Sovet quruluşunun həyata keçirdiyi repressiyalar nəticəsində bir-birindən ayrı düşən, fələyin yazdığı ağrı-acıya tuş gələn, uzun illər həsrət içində çırpınan Cavidlər məhz bu məqbərədə bir-birinə qovuşaraq rahatlıq tapdılar.


"Həqiqət istərəm, yalnız həqiqət", - deyə bütün ömrü boyu çarpışan, yazıb yaradan Hüseyn Cavidin əsərləri elə bir haqdan qüdrət alıb ki, bu gün də aktual və mənalı səslənir. Doğum günün mübarək, böyük ustad! Gələcəyə doğru mətin bir yürüşlə elə zirvədəsən ki, sənə nə əl çatar, nə söz yetər! Hər kəsin qəlbində varsan! Böyüklük, ucalıq, əbədiyaşarlıq budur!

Xəbər lenti