Xəzər Xəbər

Fəxri adlara layiq görülmüş teatr xadimlərinə və aktyorlara vəsiqələr təqdim edilib - FOTO

Mədəniyyət | 22:58 • 15 Sentyabr 2018
Fəxri adlara layiq görülmüş teatr xadimlərinə və aktyorlara vəsiqələr təqdim edilib -

Azərbaycan Prezidentinin sərəncamları ilə yüksək fəxri adlara layiq görülmüş teatr xadimlərinə və aktyorlara vəsiqələrin təqdim edilməsi ilə bağlı sentyabrın 15-də Akademik Milli Dram Teatrının yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnəsində tədbir keçirilib.


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın da qatıldığı tədbir Akademik Milli Dram Teatrının yeni mövsümünün açıldığı günə təsadüf edib.


Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək 146-cı teatr mövsümünün açılması münasibətilə Akademik Milli Dram Teatrının kollektivini və fəxri ad alan yaradıcı insanları təbrik edib.


"Bayram-bayrama qarışıb. Bu günü Azərbaycan xalqı Bakımızın Qafqaz İslam Ordusunun köməyi ilə erməni-bolşevik quldur dəstələrinin əsarətindən azad edilməsini bayram edir. Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad bir daha Azərbaycan dövlətinin gücünü, ordumuzun yenilməzliyini sübut etdi”,- deyə nazir vurğulayıb.


Qeyd edilib ki, uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.


Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.


Nazir deyib ki, 2006-cı ildə Azərbaycanda "Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.


Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir.


Əbülfəs Qarayev vurğulayıb ki, Azərbaycanın Birinci-vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti nəticəsində artıq dünya miqyasında həyata keçirilən ümumbəşəri layihələrdə Azərbaycan yaxından iştirak edir.


Bildirilib ki, Prezident İlham Əliyev hər zaman müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırıb. Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət aləmində əldə olunan nailiyyətləri əks etdirir.


Nazir deyib: "Bu gün teatr xadimlərimiz, aktyorlarımız müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Dünyanın dörd bir tərəfindən mədəniyyətimizin əks-sədası gəlir, Azərbaycan mədəniyyətinə dünya xalqlarının marağı gündən-günə artmaqdadır. Ölkəmiz dünya səviyyəsində daha geniş tanınır. Buna səbəb aparılan düzgün siyasət və ölkə rəhbərinin bu siyasətini dəstəkləyən insanlardır. Mədəniyyət və incəsənət ustalarının əldə etdikləri nailiyyətlər, onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu siyasəti dəstəkləyərək mədəniyyət sahəsində çalışan hər kəs daha böyük layihələrə imza atmalı, mədəniyyətimizin tanıdılması üçün yaradıcı potensialını əsirgəməməlidir”.


Sonra ölkə başçısının müvafiq sərəncamları ilə "Xalq artisti”, "Əməkdar artist”, "Əməkdar rəssam”, "Əməkdar incəsənət xadimi” və "Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülmüş şəxslərə mükafatların vəsiqə və medalları təqdim olunub.


Fəxri ad alanlar çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.


Sonda bir daha bütün mükafat alanları təbrik edən nazir deyib ki, paytaxtımız növbəti beynəlxalq mədəniyyət tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Belə ki, noyabrda növbəti dəfə Bakıda Beynəlxalq Teatr Konfransı keçiriləcək: "Biz Azərbaycan teatrının yeni mərhələyə qədəm qoyması, daha da inkişaf etməsi naminə səylə çalışmalıyıq”. (AZƏRTAC)

Xəbər lenti