Xəzər Xəbər

Finlandiyada “Alovlar” kamera orkestri yaradılıb - FOTO

Mədəniyyət | 12:11 • 30 May 2018
Finlandiyada “Alovlar” kamera orkestri yaradılıb -

Azərbaycan-Finlandiya "Dostluq” Cəmiyyətinin sədri Təranə Nəzərovanın rəhbərliyi ilə bu ölkədə "Alovlar” kamera orkestri yaradılıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Dostluq” cəmiyyətinin nəzdində fəaliyyət göstərən orkestrin tərkibinə Helsinkidə ali musiqi təhsili müəssisəsinin – Sibelius adına Akademiyanın tələbələri daxildir. Orkestrin solisti Azərbaycan əsilli istedadlı gənc skripkaçı Emil Hartikaynendir. Seppo Tukiainen müsabiqəsinin qalibi olan Emil həm də gənc pianoçu, skripkaçı və violonçelçalanların beynəlxalq müsabiqəsinin gümüş mükafatçısıdır. O, Belçikada skripkaçıların Artur Grümyo adına beynəlxalq müsabiqəsində diploma layiq görülüb.


Təranə Nəzərova AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, "Alovlar” orkestrinin debüt çıxışı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli mərasimdə olub. "Dostluq” Cəmiyyətinin və Azərbaycanın Finlandiyadakı səfirliyinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə "Alovlar”ın ifasında Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev və fin bəstəkarlarının əsərləri təqdim edilib. Tamaşaçılar orkestrin debütünü gurultulu alqışlarla qarşılayıblar. Bayram tədbiri dəbdəbəli ziyafətlə başa çatıb.


T.Nəzərova "Alovlar” orkestrinin gələcəkdə finlərin rəğbətini qazanacağına, öz birinci konsertlərini isə Odlar Yurdu Azərbaycanda verəcəklərinə ümidvar olduğunu bildirib.

Xəbər lenti