Xəzər Xəbər

Yolumuzu gözləyən Qarabağ...

Mədəniyyət | 18:23 • 4 May 2018
Yolumuzu gözləyən Qarabağ...

Mayın 4-də Azərbaycan Xalça Muzeyində Şuşa, Laçın, Kəlbəcər və Ağdərə rayonlarının işğalı günlərinə həsr olunmuş "Yolumuzu gözləyən Qarabağ” adlı anım tədbiri keçirilib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Dövlət Pantomima Teatrının rejissoru, Əməkdar Artist Bəhruz Əhmədlinin quruluşunda "Anadan” tamaşası, daha sonra modelyer Səidə Əlizadənin "Anadan” geyim kolleksiyası Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət simli kvartetinin musiqiçilərinin müşayiəti ilə nümayiş olunub.


Muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova tədbirə dəstəyinə görə Dövlət Pantomima Teatrına və onun aktyorlarına, Azərbaycan Milli Konservatoriyasının əməkdaşları – Anar Şuşalı və Təranə Məmmədovaya, Filarmoniyanın simli kvartetinin üzvlərinə, Xəzər Universitetinin professoru Zülfiyyə Sadıqovaya, Əməkdar Artist Azad Şükürov və Məhsəti Cabbarovaya, modelyer Səidə Əlizadəyə təşəkkür edib.


Bildirib ki, tamaşanın leytmotivi ABŞ-da yaşayan həmyerlimiz Elşad Tahirov tərəfindən muzeyə hədiyyə olunan "Bağçada güllər” xalçasından bəhs edir. Xalça uzun illər erməni işğalçılarının əlində olmuş və vətənə qayıtmış ilk sənət nümunəsidir. "Qarabağ mövzusu hamımızın yaralı yeridir, buna görə də yaradıcı insanlar, sənət adamları bu mövzuya dönə-dönə müraciət edirlər. Dövlət Pantomima Teatrı ilə əməkdaşlığımız nəticəsində "Anadan” adlı tamaşa ərsəyə gəldi. Xalçanın taleyi burada kədərli və çox təsiredici formada sanki ilmə-ilmə açılıb. Burada nümayiş olunan "Bağçada güllər” xalçasına həsr olunmuş geyim kolleksiyasının müəllifinə Səidə xanıma təşəkkürümü bildirirəm. Bu kolleksiya "Bağçada güllər” xalçasından bəhrələnərək ərsəyə gəlib. Maraqlı nüanslardan biri xalça üzərində olan yazının bu geyimlərin üzərində əks olunmasıdır. Kolleksiyada təqdim olunan geyimlərin üzərində sözügedən xalçanın üzərində olan qızıl güllər, həmçinin "1 yanvar 1971-ci il Sərvərə anadan əbədi yadigar ad günü hədiyyəsi” yazısı həkk olunub. Bütün bu nümunələr bir daha onu göstərir ki, muzeyin kolleksiyası yaradıcı insanlara təkan verərək öz axtarışlarında yeni-yeni istiqamətlərə sövq edir”, - deyə muzeyin direktoru bildirib.


Tədbirin bədii hissəsində Qarabağ mövzusunda şeirlər, Şuşaya həsr olunmuş mahnılar ifa olunub.

Xəbər lenti