Xəzər Xəbər

Tar ifaçılıq ənənələrini davam etdirən ailə - FOTO

Mədəniyyət | 14:46 • 28 Aprel 2018
Tar ifaçılıq ənənələrini davam etdirən ailə -

Oxu tar, oxu tar,


Səni kim unudar?


Ey geniş kütlənin acısı, şərbəti


Alovlu sənəti!


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin bu misralarında milli musiqi alətimiz olan tara xalqımızın tükənməz sevgisi ifadə edilib. Azərbaycanda tara, onun ecazkar səsinə vurğun olanlar milyonlarladır. Onlardan biri də Allahverənovlar ailəsidir.


AZƏRTAC-ın bölgə müxbiri ağdamlı məcburi köçkün, hazırda Bərdə rayonunda məskunlaşan Allahverənovlar ailəsinin qonağı olub. Tar ifaçılıq sənətinə qəlbən bağlı olduğunu deyən ailə başçısı Azər Allahverənov bu sevginin ona irsən keçdiyini bildirib: "Qarabağ camaatı gözəl musiqi duyumuna malikdir. Ağdamda demək olar ki, hər iki evdən birində musiqi səsi gələrdi. Mən də gözümü açandan ailəmizdə musiqi, tar səsi eşitmişəm. Musiqiyə olan sevgim də buradan yaranıb. Atam tarixçi olsa da, gözəl musiqi duyumu vardı. Muğamlarımızı, milli musiqimizi çox yaxşı bilirdi. Gözəl tar ifa edirdi. Azərbaycan Dövlət Universitetində təhsil alan zaman universitetin çalğı alətləri ansamblının bədii rəhbəri və konsertmeysteri olub. Onun 72 il əvvəl düzəltdirdiyi və hər zaman sevə-sevə ifa etdiyi tarı indiyə qədər saxlayıram”.


Azər Allahverənov 1974-1978-ci illərdə Ağdam 1 nömrəli uşaq musiqi məktəbində, 1978-1982-ci illərdə isə Üzeyir Hacıbəyov adına Ağdam Musiqi Texnikumunda tar ixtisası üzrə təhsil alıb. Gənc vaxtlarında "Şur” ansamblında ud və saz ifa edib. Tarla yanaşı gitara, tütək də ifa edən müsahibim hazırda uşaq musiqi məktəbində tar müəllimi kimi fəaliyyət göstərir. Deyir ki, bütün qüvvə və bacarığını gənc tar ifaçılarının yetişməsinə yönəldib.


Evdə ağacdan hazırlanan kiçik ölçülü musiqi alətlərindən ibarət suvenirlər diqqətimi çəkdi. Azər müəllim bir neçə il əvvəl düzəltməyə başladığı suvenirlərin musiqiyə olan sevgisindən, marağından irəli gəldiyini, onları hazırlamaqdan böyük zövq aldığını bildirdi.


Allahverənovlar ailəsinin tar ifaçılığı ənənələrini hazırda 12 yaşlı Ülvi davam etdirir. Ağdam rayon Seyidli kənd uşaq musiqi məktəbində tar şöbəsində təhsil alan Ülvinin rayon tədbirlərindəki ifaları alqışlarla qarşılanır. Bu yaxınlarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ümumtəhsil və orta ixtisas təhsil müəssisələri, musiqi məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların üçüncü respublika müsabiqəsində uğurla çıxış edərək, fəxri fərmanla təltif edilib. Ən böyük arzusu isə Xalq Artisti, professor Ramiz Quliyev kimi tanınmış tarzən olmaqdır.

Xəbər lenti