Xəzər Xəbər

Nekropolda 50-dən artıq qəbirin olması ehtimal edilir - Ekspedisiya rəhbəri - FOTO

Mədəniyyət | 12:11 • 21 Dekabr 2017
Nekropolda 50-dən artıq qəbirin olması ehtimal edilir -

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Naftalan şəhəri və Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparıb.


Ekspedisiyanın rəhbəri AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Goranboy rayonu ərazisində orta əsrlərə aid iki yaşayış yeri və 30 yeni kurqan, Naftalan şəhəri ərazisində isə 9 kurqan qeydə alınıb. Həmin ərazilər arxeoloji abidələrlə zəngindir. Qeydə alınan abidələrin dəqiq koordinatları və ölçüləri götürülüb.


Onun sözlərinə görə, hər il arxeoloji ekspedisiya yeni abidələri qeydə alır. Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpə ilk dəmir dövrü nekropolunda bu il dörd torpaq qəbir qazılaraq tədqiqata cəlb edilib. Beləliklə, nekropolda tədqiq edilən qəbirlərin sayı 12-yə çatdırılıb. Nekropolda 50-dən artıq qəbirin olması ehtimal edilir. Arxeoloji qazıntılar zamanı yarımbükülü vəziyyətdə dəfn edilən skeletlərin ətrafından saxsı qablar, bəzək əşyaları, tunc silahlar və s. aşkarlanıb. Ekspedisiya, həmçinin həmin rayonunun Qaraçinar kəndi ərazisində yerləşən çoxtəbəqəli yaşayış yerində də yoxlama xarakterli tədqiqatlar aparıb. Abidədən tunc dövrünün bütün mərhələlərinə aid maddi-mədəniyyət nümunələri toplanaraq tədqiqata cəlb olunub.


Bu il Gəncə kurqanlarında da tədqiqatlar aparılıb. M.Hüseynov tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun rəhbərliyi ilə təşkil edilən Gəncə ekspedisiyasında iştirak edib. Alim bildirib ki, kurqanlar Gəncə şəhəri ərazisində yerləşən dünyanın ən böyük park komplekslərindən olan ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın yaxınlığında yerləşir. Burada beş daş örtüklü kurqanda arxeoloji qazıntı işləri aparılıb. Kurqanaltı kameralar düzbucaqlı formaya malikdir. Kurqanlardan sağ və sol yanı üstə yarımbükülü formada dəfn edilən insan skeletləri aşkar edilib. Skeletlərin ətrafından saxsı qablar, tuncdan hazırlanan silahlar, tunc və müxtəlif minerallardan hazırlanan bəzək əşyaları üzə çıxarılıb. Ən çox diqqətimizi cəlb edən isə az qala bütün kurqanlarda obsidian ox ucluqları ilə rastlaşmağımız olub. Maraqlı struktura malik kurqanların üzərinə xüsusi şüşə örtük çəkilərək açıq səma altında muzey kompleksinin yaradılması nəzərdə tutulub. Açıq səma altında muzey kompleksinin yaradılmasının abidələrimizin qorunması və təbliği baxımından böyük elmi əhəmiyyəti vardır. Kurqanlarda qazıntı işlərinin gələcəkdə daha geniş şəkildə davam etdirilməsi nəzərdə tutulub.

Xəbər lenti