Xəzər Xəbər

Səidə Zülfüqarovanın Parisdə konserti olub - FOTO

Mədəniyyət | 10:49 • 20 İyul 2017
Səidə Zülfüqarovanın Parisdə konserti olub -

Azərbaycanın klassik musiqi ifaçısı, pianoçu Səidə Zülfüqarovanın Parisin 4-cü rayonunun Paul Rey Teatrında "Bütün istiqamətlərdə musiqilər” adlı konserti olub.

Azərbaycanlı pianoçunu Antonia Denavit (soprano), Antoine Desmard (violonçel) müşayiət ediblər. Konsertdə C.Kaççini, G.Hendel, L.Betxoven, A.Rubinşteyn, P.Çaykovski, R.Adler, J.Ross, G.Gerşvin və digər korifey bəstəkarların əsərləri səsləndirilib.

Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Bir çox milli müsabiqələrin qalibi olan S.Zülfüqarova Parisin Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub.

2012-ci ildə piano müəllimi dövlət diplomunu alan S.Zülfüqarova Sorbon Universitetində xorda akompanyatris, İl de Fransın Bayi Romanvilye musiqi məktəbində və Provans vilayətinin Pauline Viardot Konservatoriyasında müəllim işləyib. Yuxarı Sena departamentinin Qarş bələdiyyəsi Konservatoriyasının piano müəllimi Səidə Zülfüqarova Fransanın Dövlət Diplomuna layiq görülüb. (AZƏRTAC)

Xəbər lenti