Xəzər Xəbər

Əsəri Marqaret Tetçerin şəxsi kolleksiyasında saxlanan sənətkar - FOTOLAR

Mədəniyyət | 12:49 • 6 İyul 2017
Əsəri Marqaret Tetçerin şəxsi kolleksiyasında saxlanan sənətkar -

Gəncənin qədim Bağbanlar məhəlləsində yaşayan, sakit mühitdə özünün rəng dünyasını yaradan, hər cür tərifdən və şan-şöhrətdən uzaq bir rəssamın adını eşidib, onun sorağı ilə evinə yollandıq. Yaşı yetmişi haqlamış qocaman rəssam bizi həyətdəki emalatxanasının önündə qarşıladı. Sənətkarla görüşüb, emalatxanasına daxil olduq. Emalatxanada tam olaraq sənət mühiti hökm sürürdü. İş otağındakı irili-xırdalı hər bir detal rəssamın zəngin sənət dünyasından və estetik zövqündən xəbər verirdi.

Gözünə, könlünə xoş gələn canlı-cansız əşyaları ağ kağız üzərində təsvir etmək istedadı Faiq müəllimdə hələ uşaq ikən məlum olub. Bir vaxtlar öz dövrünün ən tanınmış fırça ustalarından incəsənətin sirlərini öyrənən F.Abdullayev ali təhsilini başa vurduqdan sonra uzun illər Sankt-Peterburqda yaşayıb. Gənclik illərindən bu şəhərin sənət mühiti ilə yaxınlığı və peşəkar fırça ustaları ilə dostluğu rəssamın sənətinə təsirsiz ötüşməyib. İlk gündən böyük həvəslə sənətin sirlərini öyrənməyə səy göstərən rəssamın bu illər ərzində həm yaradıcılığı cilalanıb, həm də realist üslubda bir-birindən maraqlı sənət əsərləri yaranıb.

Yaradıcılığında baş vermiş bir qəribə hadisəni də bizə Faiq Abdullayevin özü danışır. Bildirir ki, 1992-ci ilin sentyabrında İngiltərənin "Dəmir ledi”si Marqaret Tetçer Bakıya qeyri-rəsmi səfər edib. Həmin vaxt Marqaret Tetçer Baş nazir deyildi. Buna baxmayaraq, bütün dünyada dövlət adamı və siyasi xadim kimi qəbul olunurdu. Qısa müddətli səfəri çərçivəsində Bakıda bir sıra rəsmi şəxslərlə, dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirən və mərasimlərdə iştirak edən M.Tetçer fürsət tapıb Azərbaycan sənətkarlarının əl işləri ilə maraqlanıb. Britaniyaya qayıdarkən Bakıdan aldığı, Faiq Abdullayevin müəllifi olduğu rəsm əsərini də özü ilə götürüb və həmin əsəri şəxsi kolleksiyasına daxil edib.

"Dəmir ledinin” xoşuna gələn əsərin yaranma tarixçəsi isə birinci hadisədən də maraqlıdır. Belə ki, rəsm əsərlərinin ticarəti ilə məşğul olan bir nəfər F.Abdulayevə zəng edib, Bakıda təşkil olunacaq satış-sərgi üçün yeni əsərlər çəkməsini sifariş verib. Yaradıcılıq sifarişini razılıqla alan rəssam bir neçə gün ərzində əsərləri tamamlayıb Bakıya yollayıb. Rəsm işlərini qəbul etməyi və ona deyilən ünvana çatdırmağı qardaşından xahiş edən F.Abdulayev, həm də dönə-dönə tapşırıb ki, əsərlərlə ehtiyatlı davransın. Xahişə əməl olunsa da, bağlamanı Bakıda evdə açarkən şəkillərdən birinin üzərində gördüyü qırışlar qardaşını məyus edir. Əslində rəsmdə heç bir dəyişiklik olmamışdı. Rəsm üzərindəki qırışlar isə rəssamın yeni əsərinə tətbiq etdiyi özünəməxsus fırça texnikası idi. Lakin bunun yolda ehtiyatsızlıq səbəbindən baş verdiyini zənn edən ailənin xanımı şəklin qırışını açmaq üçün rəsmi ütüləmək qərarına gəlir. Amma şəkli bərbad vəziyyətə salan xanım bu barədə heç kimə bir söz demədən rəsmi bağlamaya yerləşdirir. Beləliklə, ütülənmiş və korlanmış əsər rəsm tacirinə təhvil verilib və bir neçə gündən sonra satış sərgisinə çıxarılıb. F.Abdullayev bildirir ki, sərgidə bu rəsmi görən "Dəmir ledi” şəkli dərhal bəyənib və əsəri alaraq özünün şəxsi kolleksiyasına daxil edib.

Bu əhvalatı bizə danışan qocaman sənətkar sonra hər ikimizi əsərlərinin saxlandığı otağa dəvət etdi. Burada gözümüzə dəyən incəsənət külliyyatı, həm də onun nə qədər məhsuldar bir rəssam olduğunun əyani sübutu idi. Sanki gözlərimiz önündə ana vətənin tarixi və doğma yurdumuzun bənzərsiz mənzərələri canlanırdı. F.Abdullayevin fırçası ilə yaranan "Azıxdan ermənilərə cavab”, "Qobustan”, "Dədə Qorqud”, "Azərbaycan kapriççiosu”, "Şur simfoniyası”, "Nuru Paşa”, "20 Yanvar”, "Xeyir-dua” əsərlərinin hər biri Vətən tarixinin ayrı-ayrı dövrlərinə həsr olunan, dərin fəlsəfi məna ilə yüklənmiş qiymətli əsərlərdir. Rəssamın "Fəlakətdən doğan gözəllik”, "Cavad xanın Sisiyanova cavabı”, "Xan bağı”, Şah Abbas Məscidi” kimi əsərləri onun doğma yurduna - qədim və çoxəsrlik tarixi, zəngin mədəniyyəti ilə öyünən Gəncəyə və bu şəhərin yetirdiyi tarixi şəxsiyyətlərə həsr olunub.

Həmçinin qocaman sənətkarın dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti və "Xəmsə” motivləri əsasında işlədiyi əsərlər fəlsəfi məna və sənət baxımından yüksək qiymətə layiqdir. Onun dini və astral mövzularda çəkdiyi "Çərxi fələyin dövranı”, "Müqəddəs nəğmələr”, "Sübh azanı”, "Naməlum aləmdən gəlib, naməlum aləmə gedirəm”, "Məhəmməd Peyğəmbərin vəhyi”, eləcə də digər rəsm əsərləri tarixi, fəlsəfi-psixoloji mənalarla zəngindir. Rəssam yaradıcılığında ictimai-siyasi mövzulara və dövrün hadisələrinə də geniş yer ayırıb.

Bir sözlə, F.Abdulayev natürmort və mənzərə janrında müxtəlif rənglərin yeni çalarlarını kəşf edərək, onların ahəngindən gözəl lövhələr yaratmaqla yanaşı, həm də rəsm əsərlərində kompozisiya bitkinliyi, palitra zənginliyi, poetik əhval ruhiyyə, kolorit gözəlliyi, orijinal üslub, texnika fərqliliyi və digər sənətkarlıq bacarıqları ilə milli təsviri sənətimizi zənginləşdirib. (AZƏRTAC)

Xəbər lenti