Xəzər Xəbər

Ordumuz Qarabağda erməni birləşmələrini necə əzir? Sabiq korpus komandiri açıqladı

Hadisə | 12:04 • 1 Oktyabr 2020
Ordumuz Qarabağda erməni birləşmələrini necə əzir?

"Döyüşlərə hazırlıq bütün istiqamətlər üzrə Azərbaycan ordusunda var idi. Çünki bütün məşğələlər, iri miqyaslı təlimlər müəyyən ssenari üzrə qurulmuşdu. Həmin ssenarilər isə havadan götürülməmişdi. Bunlar gələcəkdə ola biləcək istiqamətlər üzrə döyüşün ssenarisi qurularaq hazırlanmışdı. Təlimlər bu mövzular üzrə keçirilirdi".


XəzərXəbər xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, sabiq korpus komandiri Şair Ramaldanov bildirib. 


Onun sözlərinə görə, bugünkü döyüşlər planlı şəkildə gedən döyüşlərdir:


"Bəzən fikirlər eşidirik ki, bir az yavaş və ya istədiyimiz qədər irəliləyə bilmirik. Mən deyə bilərəm ki, əmrin aliliyini saxlayaraq bu gün bizim Silahlı Qüvvələrin rəhbərliyi, komandir heyəti şəxsi heyət arasında itkiləri minimum edəcək üsulları seçirlər. Bu, artilleriya, digər atəş vasitələri və havadan endirilən zərbələrdən istifadə etməklə düşməni maksimum zəiflətmək, onun müqavimət nöqtələrini darmadağın etməkdən ibarətdir. Bundan sonra artıq şəxsi heyət həmin istiqamətdə irəliləyir.


Bu gün Azərbaycan ordusu müasir texnika və silah-sursatla tam təmin edilib. Bizim bu gün hərbi sənayemiz var. Hərbi sənayemiz bütün kalibrdə silah və minaatanlar üçün mərmilər hazırlayır. Bunlar bizdə var.


Hazırda döyüş gedir. Bu danılmaz faktdır ki, itkisiz olmur. Sadəcə itkini minimuma endirəcək amillər var və biz də bundan istifadə edirik. Ancaq bu, o demək deyil ki, biz tapşırığı yerinə yetirmirik. Bizim üsulumuz belədir. Yayılan videolarda düşmənin hərbi texnikalarının vurulması onu göstərir ki, biz bu üsuldan məharətlə istifadə edirik.


Bu gün Azərbaycan ordusunda 80 faiz müddətdən artıq xidmət edən və müqavilə əsasında xidmət edən hərbçilərdir. Bunlar hamısı peşəkar hərbçilərdir. Onların peşəkarlığı Rusiyada 2020-ci ildə keçirilən yarışlar zamanı da təsiqlənmişdi. Biz hələ xalqmızı sevindirəcək məlumatlar alacağıq".

Xəbər lenti