Xəzər Xəbər

Bakıda zorlamaya görə tutulan şəxs azadlığa çıxıb 3 arvad aldı ŞOK CİNAYƏTİN TƏFƏRRÜATI

Hadisə | 15:11 • 28 Oktyabr 2019
Bakıda zorlamaya görə tutulan şəxs azadlığa çıxıb 3 arvad aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Bakı şəhər sakini, 65 yaşlı Arif İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hadisə bu il mayın 8-də paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 135 A ünvanında yerləşən "Zoo Mağaza” da baş verib. Əvvəllər faktiki ər-arvad münasibətində olduğu Nəzakət Məmmədovanın ondan polisə şikayət etməsindən əsəbləşən Akif İsmayılov qadının iş yerinə gələrək onu öldürmək istəyib və N.Məmmədovaya çoxsaylı bıçaq zərbələri endirib. Yaralı binanın həyətindəki gözətçi tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

İstintaq zamanı məlum olub ki, N.Məmmədova dəfələrlə Akif İsmayılovdan polis orqanlarına şikayət edib. Amma sonradan onunla barışıb, şikayət ərizəsini geri götürüb və birgə yaşamağa davam edib. Son iki il ərzində isə bu hal bir neçə dəfə təkrarlanıb.

Zorlamaya, oğurluğa görə həbsdə "yatıb”, çıxıb üç arvad alıb...

Gənc yaşlarında zorlama, oğurluq və digər bu kimi cinayətlərə görə məhkumluq həyatı yaşayan A.İsmayılov 40 yaşını haqlayanda azadlığa çıxıb. Həbsdən buraxıldıqdan sonra Palina adlı rus qadınla evlənib. Birgə nikahdan 4 övladı olub. Eyni zamanda Fatma adlı qadınla da qeyri rəsmi ailə qurub. Həmin qadından da 4 övladı olub. Özündən 20 yaş kiçik Nəzakət Məmmədovayla yaxın münasibət isə 2013-cü ildən başlayıb.

Təqsirləndirilən Akif İsmayılov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində 22 ilə yaxın Xəzər Dəniz Gəmiçiliyində sürücü işlədiyini, ötən ilin noyabrında pensiyaya çıxdığını, Nəzakətlə birgə sonuncuya məxsus mənzildə yaşadıqlarını deyib: "İki il Nəzakətin anasının evində, iki il isə qanuni arvadım Palinanın evində - Zabratda bir yerdə yaşamışıq. Nəzakətin anası evi satdı, özünə ayrı, qızına da Maştağada ayrı ev aldı. Biz Nəzakətlə həmin evə köçdük. Əvvəl heç bir problem yox idi. Lakin Nəzakət məni qısqanırdı, evə başqa qadın gətirəcəyimi düşünürdü deyə yeni evin açarlarını əlimdən aldı. Bundan sonra müxtəlif bəhanələr gətirir, gah qızıgildə, gah da anasıgildə qalırdı. Mənimlə birgə yaşamaq istəmirdi, sevmədiyini, ayrılmaq istədiyini deyirdi”.

Bankadakı 50 qəpiklər haqda sual

A.İsmayılovun ifadəsinə görə, Nəzakətin bu cür davranmasından sonra onun mənzilinə aldığı kondisioneri, televizoru, qaz plitəsini götürüb digər arvadı Fatmanın evinə aparıb yığıb. Amma onunla münasibəti birdəfəlik kəsməyib. Hərdən Nəzakət işlədiyi dükana gedib-gəlib, telefonla əlaqə saxlayıb: "Hadisədən bir gün əvvəl Nəzakət zəng vurub evdən üç kiloluq bankada yığdığı əlli qəpiklərin, televizorun yoxa çıxdığını, mənim götürüb-götürmədiyimi soruşdu. Heç nə götürmədiyimi dedim. Ertəsi gün Sabunçu Rayon Polis İdarəsindən zəng vurub çağırdılar, brəmdə polisə şikayət olunduğunu dedilər”.

Nəzakətin ondan polisə nə səbəbə görə şikayət etdiyini aydınlaşdırmaq üçün A.İsmayılov qadının iş yerinə yollanıb. Nəzakət isə A.İsmayılova polis bölməsinə getməyi məsləhət görüb.

"Yalvardı, dedi vurma...”

"Mübahisə etdik, bıçaqla vurdum. Yalvardı, dedi ki, vurma, şikayətimi geri götürəcəyəm. Gözətçi bizi ayırdı. Həmin gecəni şəhərdə, küçələrdə keçirtdim. Ertəsi gün polisə təslim olmaq qərarına gəldim. Nəzakəti öldürmək niyyətim olmayıb. Məni təhqir etdiyi üçün onu qorxuzmaq istəmişəm”,-müttəhim deyib.

Zərərçəkmiş Nəzakət Məmmədova ifadəsində son iki ildə Akif tərəfindən mütəmadi olaraq döyüldüyünü, münasibətlərinin kəskin həddə çatdığını göstərib.

O, ilk dəfə 2018-ci ilin ortalarında Akifdən DİN-in 102 qaynar xətt mərkəzinə şikayət edib. Şikayət əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində araşdırma aparılıb. Sonradan barışıblar, şikayət ərizəsini geri götürüb, şikayətçi olmadığını deyib. Yeni mənzilə köçdükdən sonra isə Akifin Nəzakətə qarşı qəddarlığı son həddə çatıb. Hər xırda şeyi bəhanə edərək Nəzakəti döyüb. Baş verənlərdən cana yığılan N.Məmmədova 2019-cu ilin yanvarından Akiflə əlaqəni biryolluq kəsib və anasının yanına köçərək orada yaşayıb.

Şikayət edirmiş, amma hər dəfə yazığı gəlirmiş

"Şikayət edirdim, sonra yazığım gəlirdi, şikayəti geri götürürdüm. Fevral ayında gəldi, yenidən bir yerdə yaşamağı təklif etdi, razılaşmadım, məni yenə də döydü. Əsəbləşib polisə Akifin məni döyüb zorlaması barədə şikayət etdim. Məni bezdirmişdi, yaşamağa imkan vermədiyi uçün belə etdim. Araşdırma zamanı ərizə ilə müraciət edib həqiqəti, yəni Akifin məni zorlamadığını, şikayətim olmadığını dedim”,-qadın deyir.

Özünəməxsus əşyaları götürmək üçün Maştağadakı mənzilə gələn N.Məmmədova evinin altının üstünə çevrilməsinin şahidi olub. Ortalığın bir-birinə qarışdığını və 1800 manat pulun yerində olmadığını görən qadın Akifdən şübhələnib. Bu dəfə də DİN-nin 102 xidmətinə zəng vuraraq evindən oğurluq edildiyini deyib.

"Akif mağazaya gəldi. Məni döyəcəyindən qorxdum. Yalandan dedim ki, şikayət ərizəsi yazmamışam. Arxadan saçımdan yapışdı. Əlindəki bıçaqla boynuma zərbələr endirdi. Məni öldürəcəyini başa düşdüm, yalvardım, dedim ki, öldürmə, ərizəni geri götürəcəyəm. Yalvarışlarıma məhəl qoymayıb vurmağa davam etdi. Bu vaxt iş yerində gözətçi işləyən Nurlan Akifi birtəhər tutub kənara apardı. Akifin niyyəti məni öldürmək olub. Əgər ətrafdakı insanlar mane olmasaydılar məni öldürəcəkdi”,-o ifadəsində bildirir.

Məhkəmə prosesi davam edir.

Xəbər lenti