Xəzər Xəbər

Abşeronda əl qumbarası və UZRQM partladıcısı aşkar edildi

Hadisə | 10:29 • 6 Avqust 2019
Abşeronda əl qumbarası və UZRQM partladıcısı aşkar edildi

2019-cu il 06 avqust tarixində saat 00:04-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Abşeron rayonu, Novxanı kəndi ev 27 ünvanında partlayıcının tapılması barədə məlumat daxil olub.

Qurumdan XəzərXəbər-ə verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ünvana baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və partladıcının ətrafında 20 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti