Xəzər Xəbər

Cindara 216 min verən qadın: "Sarı su içirirdilər, sonra bədənimə..." - Bakıda dəhşət

Hadisə | 14:05 • 21 May 2019
Cindara 216 min verən qadın:

Bakıda dələduzluqda təqsirli bilinən "Cindar Hüseyn” ləqəbi ilə tanınan Hüseyn Əlizadə və onun anası Lalə İbrahimovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

XəzərXəbər xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Rübabə Ağayeva ifadə verib.

Rübabə Ağayeva ana-oğulun dələduzluğu ilə üzləşməsindən danışıb: "Məni elə ələ almışdılar ki, özümü idarə edə bilmirdim. Sarı su verirdilər, içirdim, bədənimə ərəb hərflərilə nələrsə yazırdılar. Tamamilə bu adamlara tabe olmuşdum. Nə istəyirdilər, onu da eləyirdim. Evdə nəyim var, hamısını yığıb verirdim onlara. Bir ilə yaxın müddətdə məni soyub soğana döndərdilər".

Rübabə Ağayeva qeyd edib ki, cadu çıxarmaq, mal-mülkü təmizləməkdən ötrü 216 min 850 manatlıq pul, qızıl-zinət əşyaları verib.

Onun sözlərinə görə, pulların bir hissəsi xarici valyutada olub: "57 min dollar, 15 min funt-sterlinq... Qızılların çəkisi isə təxminən 600 qram olub. Məni inandırmışdı ki, evdə olan pulları, evin özünü, hər şeyi təmizləmək lazımdır. Qızılları da guya təmizləyib qaytaracaqdı. Guya ağırlıq vardı. Hissə-hissə verirdim, manat qurtaranda dedim ki, başqa pul olar? Dedi ki, xarici pul lap yaxşıdır, cinlər bizim puldansa xarici pulları, dolları yaxşı tanıyır, daha rahat təmizləyir.

Pulların bir hissəsini təmizləmək üçün vermişəm, bir hissəsini isə caduları çıxarmaq üçün alıb. Deyirdi ki, göbək, başqa şeylər almaq üçün lazımdır".

Yetkinlik yaşına çatmış övladlarının, nəvəsinin olduğunu deyən zərərçəkmiş qeyd edib ki, bütün bunları həyat yoldaşından gizli edib: "Günlərin birində həyat yoldaşım ev almaq üçün pulları götürmək istəyəndə gördü pul yoxdur. Bundan sonra olanları danışdım. Günahkaram, bu adamlara inanmışam. Məni qorxudurdular ki, filan şeyi eləməsən, nəvən, oğlun ölə bilər. Elə vəziyyətdə idim ki, canımı istəsəydilər, canımı da verərdim".

Rübabə Ağayeva Cindar Hüseyn və anasıyla necə tanış olmalarından da danışıb. Deyib ki, evlərini təmir edən ustalar həyətdən bir bükülüdə nələrsə tapıb. Bundan sonra xalası qızı ilə birlikdə fala baxdırmaq, tapılan bükülünün nədən ibarət olduğunu anlamaq üçün Hüseyn Əlizadənin yanına gedib: "Anasını sonradan tanıdım. Lap birinci dəfə məndən 1500 manat, sonra da 2 min aldılar. Gəldilər ki, guya həyətdən qalan caduları çıxarsınlar. Sonra məni bir yerə aparıb oranı qazdırdılar, mən qazdığım yerdən heç nə çıxmadı. Qazıyıb kənara atdığım torpaqdan nələrsə tapdılar. İnanırdım..."

İttihama görə, "Cindar Hüseyn” ləqəbi ilə tanınan falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.

Hüseyn Əlizadə anası ilə birlikdə zərərçəkmiş Rübabə Ağayevanın külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib.

Rübabə Ağayeva bildirib ki, Cindar Hüseynə ümumilikdə 300 min manata yaxın pul - 57000 ABŞ dolları, 15000 Böyük Britanya funt sterlinqi, 47000 manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə Hüseyn Əlizadə və anası alıb.

Cinayət işi üzrə daha 12 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, Rübabə Ağayevanın həyat yoldaşı "Azinko" şirkətinin audit departamentinin rəhbəridir.

Xəbər lenti