Xəzər Xəbər

Polisdən əməliyyat: külli miqdarda narkotik ələ keçirildi

Hadisə | 14:19 • 4 May 2019
Polisdən əməliyyat:

11 kiloqramdan çox müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 fakt üzrə çəkisi 11 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Belə ki, daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər soyğunçuluq etdiyinə görə məhkum olunmuş Aqşin Bədəlovdan 8 kiloqram 220 qram tiryək, 130 qram həşiş və 230,55 qram metamfetamin götürülmüşdür .

Əldə edilən məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Anar İsmayılovdan 0,672 qram marixuana götürülmüşdür.

Araşdırmalarla A.İsmayılova narkotik vasitəni satmış həmyerlisi Kamil Hüseynov da saxlanılmışdır. Evinə baxış zamanı oradan 2 kiloqram 11,671 qram marixuana götürülmüşdür.

Daxil olmuş məlumat əsasında Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Məhərrəmov saxlanılıb, ondan 450 qram marixuana götürülüb.

Əldə edilən məlumat əsasında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Rövşən Vahidovun evinə baxış zamanı 306,7 qram marixuana aşkar edilərək götürülmüşdür.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti