Xəzər Xəbər

Qubada güclü qar: uçqun yolları bağladı

Hadisə | 15:02 • 21 Mart 2019
Qubada güclü qar:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikaları bir neçə gündür dağlıq ərazilərdə davam edən qeyri-sabit hava şəraiti və qarın yağmasına görə gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Mətbuat katibi bildirib ki, hazırda avtomobil yollarında qarın yağması ilə əlaqədar yaranan problemlər aradan qaldırılır: "Ötən gün intensiv şəkildə qarın yağması nəticəsində Quba-Xınalıq yolunun 34-36-cı km-lik hissəsində, dərədə qar uçqunu qeydə alınıb. Ərazidə olan əməkdaşlarımızın və texnikanın köməkliyi ilə yolda qalan vətəndaşlar ərazidən çıxarılıb.

Yolun qar uçqunundan təmizlənməsi üçün ötən gün hava qaralana kimi aparılan işlər bu gün səhər saatlarından da davam etdirilir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub. Qeyri-sabit hava şəraiti və relyefin çətin olmasına baxmayaraq yolun axşam saatlarına qədər açılması üçün işlər mümkün dərəcədə sürətlə aparılır.

Anar Nəcəfli qeyd edib ki, aparılan işlər nəticəsində hazırda yolun 34-cü km-nə qədər avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir çətinlik yoxdur: "Buna baxmayaraq təcrübəsi az olan və əraziyə bələd olmayan sürücülərdən, avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz olunmayanlardan sözügedən yoldan istifadə etməsi tövsiyə olunmur”.

Xəbər lenti