Lökbatan qəsəbə sakini R.Nəhmədovun və Sumqayıt şəhər sakini H.Hüseynovun fevralın 19-da gecə saat 2 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində iki nəfər tərəfindən xuliqanlıq zəminində döyülmələri barədə 10-cu polis bölməsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla həmin şəxslərin H.Hüseynovun 1270 manat məbləğində pulunu aldıqları da müəyyənləşib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakinləri Z.İsmayılov, M.Əliyev və Ş.Əliyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Z.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 16-na keçən gecə H.Hüseynova məxsus Güzdək qəsəbəsindəki daş karxanasından qaynaq aparatı oğurladığı da müəyyənləşib.
Faktlarla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.