Xəzər Xəbər

Mağazadan oğurluq edən dəstə tutuldu

Hadisə | 10:51 • 8 Fevral 2019
Mağazadan oğurluq edən dəstə tutuldu
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mağazalardan oğurluq edən rayon sakinləri saxlanılıb.


DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar rayon sakini A. Bayramov "102 xidməti-zəng mərkəzi”nə müraciət edərək rayonun İsmətli kəndində yerləşən ona məxsus mağazadan 625 manat dəyərində tütün məmulatlarının və 25 manat pulun oğurlandığını bildirib.

Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş S.Əlizadə və 2 yeniyetmə saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib. Aparılan araşdırmalarla onların digər oğurluq əməllərinin də üstü açılıb.

Belə ki, saxlanılan şəxslərin rayonun Xırmandalı kəndində yerləşən mağazalardan birindən 670 manat dəyərində tütün məmulatları və 60 manat pulu, Nərimankənd kəndində yerləşən mağazadan isə 30 manat pulu və müxtəlif növ tütün məmulatlarını oğurladıqları müəyyən edilib. Oğurladıqları tütün məmulatlarının bir qismi onlardan maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti