Xəzər Xəbər

Yeznə-qayın baltalandı – Şamaxıda dəhşətli hadisə/Təfərrüat

Hadisə | 15:10 • 1 Dekabr 2018
Yeznə-qayın baltalandı

Şamaxı rayonunda cinayət hadisəsi törətməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Hümmət Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, H.Zeynalov şifahi razılıq əsasında icarəyə götürdüyü Şərədil kənd ərazisində yerləşən "Ağsu” kafesində 2016-cı il avqustun 8-də sərxoş vəziyyətdə olan Amid Sultanovla mübahisə edib.

Amma həmin gün H.Zeynalovla A.Sultanovun mübahisəsi davaya çevrilsə də, orada olan şəxslər tərəfindən ara sakitləşdirilib.

İki gün sonra A.Sultanov yenidən həmin kafeyə gəlib və masalardan birində əyləşərək pivə içib. Sərxoş olan Amid Sultanov təxminən saat 23 radələrində kafedə səs-küy salmağa başlayıb.

Bu zaman kafeni işlədən H.Zeynalov Amidlə iki gün əvvəl aralarında olan mübahisəni aydınlaşdırmaq məqsədilə onun əyləşdiyi masaya yaxınlaşıb.

Hümmət Amidlə yenidən mübahisə edib. Həmin vaxt Amidin yeznəsi Ramin Mikayılov da kafedə olub.

Hümmət yeznə-qayın birləşərək onu döyəcəklərini düşünüb.

Onların bu məqsədlərinin qarşısını almaq üçün Hümmət əvvəlcə bıçağa əl atıb. Sonra kafenin zalından bayıra çıxıb və kababxanada olan balatını götürüb zala geri dönüb.

Mübahisə daha da qızışdıqda Hümmət balta ilə Amid və Raminə xəsarət yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Hümmət Zeynalovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hümmət Zeynalov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan H.Zeynalov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

H.Zeynalovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyətinin qərarı elan edilib.

Qərara görə, Hümmət Zeynalovun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi həmin məcəllənin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilib.

Onun cəzası 3 il 6 aya endirilib.

Xəbər lenti