Xəzər Xəbər

Sumqayıtın qorxunc dələduzu: İpoteka krediti adı ilə cinayət törətdi - Həbs

Hadisə | 13:40 • 15 Noyabr 2018
Sumqayıtın qorxunc dələduzu:

Bakıda və Sumqayıtda ipoteka götürmək adı ilə bir qrup vətəndaşı aldatmaqda təqsirli bilinən Sərməs Tağıyevin barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Sərməs Tağıyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən Sərməs Tağıyevə qarşı Cinayət Məcəlləsinin (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Sərməs Tağıyev bundan əvvəl də eyni maddə ilə mühakimə olunub. O, 5 avqust 2015-ci il tarixdə Bayram Hüseynovun oğlu Ramin Hüseynlinin adına ipoteka fondundan 70 min manat kredit götürməyə kömək edəcəyini vəd verib.

Sumqayıt şəhəri 26-cı məhəllə ərazisində yerləşən "Elmar” marketin yaxınlığında Bayram Hüseynovdan 4 min manat alıb.

Bundan başqa, Sərməs Tağıyev 18 avqust 2015-ci il tarixdə İbrahim Cəbiyevə ipoteka fondundan 50 min manat kredit götürəcəyini vəd edərək, Abşeron rayonu Xırdalan şəhəri Dövlət Əmlak Agentliyinin inzibati binasında yerləşən ev alqı-satqı ofisində 10 min manat alıb.

Daha sonra o, həmin ilin noyabrın 12-də Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində yerləşən ev alqı-satqısı ofisin qarşısında Əlöysət Muradovun kürəkəni Niyaməddin Nağıyevə ipoteka fondundan 50 min manat kredit götürəcəyini yalan vəd verib, aldatma yolu ilə Əlöysət Muradovdan 11 min 700 manatını ələ keçirib.

İstintaq sənədlərinə görə, Sərməs Tağıyev İlkin Məmmədova ipoteka fondundan 75 min manat kredit götürəcəyini deyib, 2015-ci ilin noyabr ayının əvvəllərində Yasamal rayonu "20 Yanvar” dairəsinin yaxınlığında 3 min, həmin vaxtdan iki gün sonra Səbail rayonu Hökümət evinin arxasında eyni vədlə 4 min, noyabr ayının son günlərində Şərifzadə küçəsində yerləşən "Halal” marketində eyni vədlə 500 manat alıb.

Bundan sonra o, Hicran Əsədovanın oğlu İsmayıl Musayevin adına ipoteka fondundan 25 il müddətinə 65 min manat kredit götürə biləcəyini deyib. Yalan vəd verməklə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən mağazada İsmayıl Musayevdən 10 min manat alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərməs Tağıyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Sərməs Tağıyev apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Sərməs Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, o, azadlığa buraxılıb.

Xəbər lenti