Xəzər Xəbər

Maşın oğurluğu ilə məşğul olan cinayətkar dəstə ələ keçdi - FOTO

Hadisə | 14:09 • 7 Noyabr 2018
Maşın oğurluğu ilə məşğul olan cinayətkar dəstə ələ keçdi -

Maşın oğurluğu ilə məşğul olan və ələ keçirdikləri nəqliyyat vasitələrinin ban nömrələrini dəyişərək, eləcə də ehtiyat hissələri halında satan mütəşəkkil cinayətkar dəstənin üzvləri Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində ifşa edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, keçirilən əməliyyat nəticəsində bu qrupun üzvləri - əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Yunis İmanov, Cəlal Əliheydərov, Cəlilabad rayon sakini Rafiq Nağıyev saxlanılaraq istintaqa təqdim olunublar. Araşdırma zamanı müəyyənləşdirilib ki, dəstə üzvü olan Y.İmanov və R.Nağıyev Sumqayıt şəhərindən və ətraf ərazilərdən ümumilikdə ayrı-ayrı vətəndaşlara məxsus altı nəqliyyat vasitəsi oğurlayıblar.


Əsasən "VAZ” və "Tofaş” markalı nəqliyyat vasitələrini qaçıran dəstə üzvləri əldə etdikləri avtomobilləri C.Əliheydərovun Biləcəri qəsəbəsindəki evinin həyətinə gətiriblər. Burada isə C.Əliheydərov maşınların ban nömrələrini dəyişib. Bəzi avtomobillər isə sökülərək ehtiyat hissələri halında satılıb. C.Əliyehdərovun yaşadığı evin həyətinə baxış keçirilən zaman orada gizlədilən oğurluq avtomobillərin ehtiyat hissələri, çoxlu sayda avtomobil qeydiyyat nişanları, həmçinin qaçırılan bir neçə avtomobil aşkarlanaraq maddi sübut kimi götürülüb.


Oğurlanan avtomobillərdən ikisi dəyərindən aşağı qiymətə qanunsuz olaraq müxtəlif şəxslərə satılıb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirinin davamı olaraq həmin şəxslər - paytaxt sakinləri Mahmud Həsənov və dəstə üzvü C.Əliheydərovun kürəkəni Füzuli Rəcəbov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Hər iki şəxs aldıqları avtomobillərin oğurluq olduğunu əvvəlcədən biliblər.


Qeyd edək ki, oğurluq maşınları alan şəxslərdən biri - F.Rəcəbov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstərib. Onun idarə etdiyi nəqliyyat vasitəsinə və üzərinə baxış keçirilən zaman 0,604 qram narkotik vasitə olan "Metamfetamin”, bir ədəd kustar üsulla hazırlanan bıçaq və gözyaşardıcı qaz balonu aşkarlanaraq götürülüb.


Həmin faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti