Xəzər Xəbər

Bayılda Buxta küçəsində son durum: hər an faciə ola bilər

Hadisə | 14:16 • 31 Oktyabr 2018
Bayılda Buxta küçəsində son durum:

Buxta küçəsində sürüşmə baş verməsə də, yaxınlıqda hündürmərtəbəli binalar tikilir

Bakının sürüşmə zonalarında gərgin vəziyyət davam edir. Xüsusilə də hazırda ən təhlükəli hesab edilən ərazi Badamdar və Bayıl yaşayış sahəsi, Buxta küçəsindəki sürüşmə zonasıdır. Məlumat üçün qeyd edək ki, oktyabrın 17-də Buxta küçəsində baş verən sürüşmə nəticəsində 1 yaşayış evi uçmuşdu. Bu ilin may ayında isə həmin ərazidə sürüşmə nəticəsində 4 ev yararsız hala düşmüşdü.

Buxta küçəsinə gedən yol ensiz və yarı uçmuş vəziyyətdə olan pilləkənlərdən keçir. Pilləkənlərdən sonra isə yamac boyu tikilmiş azkvadratlı, damı qırla örtülmüş köhnə evlər başlayır. Bu evlərin sakinləri bildirdilər ki, hər anlarının təhlükə içərisində olduğunu yaxşı başa düşürlər. Lakin buna baxmayaraq, gedəcək yerləri olmadığı üçün bu ərazidən çıxa bilmirlər.

Buxta küçəsində olduğumuz zaman müşahidə etdik ki, may ayında uçan evlərin qalıqları ərazidən yığışdırılmayıb. Uçan evlərdən yamac boyu 1 metr yuxarıda yerləşən mənzillərdə də artıq çatlar əmələ gəlib. Bu mənzillərin sakinləri bildirdilər ki, əslində uçan evlərin sakinlərinə hələ də kompensasiya verilməyib. Bildirilib ki, mənzillər sənədsiz olduğu üçün hər hansı bir kompensasiya ödənilməyəcək. Müşahidə etdik ki, yamacın ətəyində, uçqun baş verən ərazidə yerləşən evlər nömrələnib. Bu evlərin sakinlərinə bildirilib ki, yanvar ayında köçürülmələri ilə bağlı qərar veriləcək. Çünki ərazidə hələ də sürüşmə aktiv olaraq qalır. Ərazinin sürüşmədən başqa digər əsas problemi isə nəmişlikdir. Sakin Həbib Həsənov bildirdi ki, evlərində çat olmasa da nəmişlik əlindən yaşaya bilmirlər: "Evin bütün divar kağızları, divar boyaları qabarıb, qopub. Nəmişlik əlindən evdə yaşlı anamı qohumumuzun evinə göndərmişəm. Çünki sümüklərinin ağrısından gecələr yata bilmirdi. Bizə də hələ ki konkret söz deyən yoxdur. Sadəcə, bəzi qonşular bildirirlər ki, yanvar ayında köçürülməyimizlə bağlı qərar veriləcək. Ancaq hansısa məmur bura gəlib, bizə belə bir söz deməyib. Camaat da artıq vəziyyətlə barışıb. Bilirik ki, nə zamansa bizim də ev uçacaq. Çünki bu ərazinin kanalizasiya xətləri yarımçıqdır. Yuxarıdakı evlərdən axıdılan sular, yamac boyu bütün evlərin divarlarından, altından çıxır. Pilləkənləri düzəldirik, bir-iki ay sonra yenə də dağılır. Bu da onu göstərir ki, çökmə baş verir”.

Ərazinin kommunal xətləri kəsilməyib. Yalnız uçan evlərin kommunal xətləri əsas xətdən ayrılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Əziz Qaralov "Yeni Müsavat”a bildirib ki, Buxta küçəsi riskli ərazi kimi konturlaşdırılıb. Ərazidə relyefin mayilliyi təxminən 40 dərəcəyə çatır: "Əvvəldən yamac terrasvari kəsilərək boş torpağın üzərində evlər tikilib. Ərazidə bir evin arxa divarı növbəti evin istinad divarı rolunu oynayır. Bu səbəbdən evlər təhlükədədir. Yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur”.

Bütün bu deyilənlərin fonunda onu da müşahidə etdik ki, Buxta küçəsinin yaxınlığında hündürmərtəbəli binalar tikilir. Elə Buxta küçəsinə qalxan yarı uçmuş pilləkənin yaxınlığında hazırda da qızğın iş gedir, tikili ucaldılır. Eyni zamanda bu əraziyə yaxın yerlərdə hündürmərtəbəli binaların da tikintisi davam edir. May ayında Buxta küçəsində sürüşmə baş verdiyi zaman, yaxınlıqda yerləşən 16 mərtəbəli binanın həyətindəki tikilidə də problemlər yaranmışdı. Binanın özündə çatlar yaranmasa da, həyətində yerləşən tikilidə çökmə, çatlar baş vermişdi.

Əzim Məsimov söyləyib ki, həmin ərazidə su bir yerdə yığılıb qalmayıb: "Ərazidə kanalizasiya sistemi olmadığı üçün su da bir yerdə yığılıb qalmır. Hər yerdən su axır. İlk növbədə bunun kökünü kəsmək lazımdır ki, fəlakət dayansın. Buxta ərazisində mən də olmuşam və binaları görmüşəm. Yamaclarda fərdi evlər tikilib. Bu evlərin heç birinin kanalizasiyası mərkəzə birləşdirilməyib. Həmin ərazini ilk növbədə satanlar məsuliyyət daşıyırlar. Bu ərazi kiçik-kiçik ayrı-ayrı adamlara satılıb. Həmin ərazidə sovet dövründə bir binanı biz tikmişik. O zaman təbii ki, vəziyyət indiki kimi deyildi. Bina tikmək üçün quyular qazılıb, nümunələr götürülməli, laboratoriyada buna baxılmalıdır. Laboratoriyada baxıldıqdan sonra məlum olur ki, ərazidə bina tikmək olar, yoxsa yox. Xüsusi, xırda evlər üçün bu işlər görülmür. Ancaq böyük tikililər zamanı mütləq bu prosesləri aparmaq lazımdır. İndi bina tikənlər bu analizləri necə aparırlar, məlum deyil. Yamac mayilli olduğu üçün yuxarıdakı evlər uçur, aşağı tökülür. Nəticədə aşağı da təzyiqə düşür və bu hissədə də sürüşmə olur. Hündürmərtəbəli binalar ana struktur üzərində tikilir. Ola bilər ki, yuxarıdan gələn yük böyük olar və binaya da təsir edə bilər. Belə prosesin də baş verməsi mümkündür”. ("Yeni Müsavat”)

Rubrikanın digər xəbərləri

Xəbər lenti