Xəzər Xəbər

“Arvadımın deyinməsinə dözmədim, boğdum” – Məhkəmə işi

Hadisə | 10:01 • 31 Oktyabr 2018
“Arvadımın deyinməsinə dözmədim, boğdum” – Məhkəmə işi

"Onu boğub öldürdüyümü heç kimə demədim”

Sabirabad rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadını öldürməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Xanbala Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttiham aktında göstərilir ki, 9 mart 2017-ci il tarixdə Sabirabad rayonu, Kovlar kəndindəki fərdi yaşayış evində Şahnisə Muradova Xanbala Cəfərova spirtli içkilər qəbul etməsini irad tutub.

Mübahisə və qətl

Bu zəmində Xanbala Cəfərov arvadı ilə mübahisə edib. Arvadının ona kobud cavab verməsindən qəzəblənən Xanbala Cəfərov qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.

Xanbala Cəfərov bu niyyətlə Şahnisə Muradovanın boğazından tutaraq sıxıb və qadın həmin zaman boğularaq ölüb.

Xanbala Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun barəsində Sabirabad rayon Prokurorluğunda toplanan cinayət işi üzrə material baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

""Paxmel” olduğumu fikirləşdim”

Məhkəmədə ifadə verən Xanbala Cəfərov özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilməyib. O, özünü Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib.

Xanbala Cəfərov bildirib ki, martın 8-də onlar qudasıgildən evlərinə qayıtdıqdan sonra arvadı Şahnisə onun spirtli içkilərə pul tapdığı halda dişlərini düzəltdirməyə pul tapmadığından gileylənməyə başlayıb: "Ertəsi gün səhər saat 6 radələrində yuxudan durdum, otağın soyuq olduğunu gördüyüm üçün qaz sobasını yandırdım. Qazını çox açmışdım ki, otaq tez qızsın. Şahnisə də mənimlə bərabər yuxudan oyandı. Mənə səhər yeməyi hazırladı, yerdən süfrə saldı. Axşamdan içki içmişdim, başım möhkəm ağrıdığından "paxmel” olduğumu fikirləşdim”.

"Arvadım sakitləşmədi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu səbəbdən evdə olan yarımçıq araq şüşəsindən 100 qram süzüb və həmin arağı hamısını içib: "Bu zaman Şahnisə də gəldi, döşəyin üstündə yarı uzanmış kimi uzandı. Sonra deyinməyə başladı ki, arağa pul tapırsan, hər şeyə pul tapırsan, hər yerə getməyə pul tapırsan, amma onun nə dişlərini düzəltdirirəm, nə də Şamaxıda yaşayan qardaşıgilə aparıram. Şahnisəyə dedim ki, həyətimizdə əkdiyimiz paxla yetişib, satan kimi dişlərini düzəltdirəcəm. Artıq Şahnisənin sözündən daha da əsəbləşdim. Arağın hamısını içdim. Sonra arağın butulkasını görən olmasın deyə pəncərədən kanala tərəf tulladım. Lakin Şahnisənin getdikcə qızışıb, deyinməyə başladığından və ona "bəsdi”, "qardaşıngildən təzə gəldin, nə var gündə-gündə qardaşıngilə getmək istəyirsən?”, - deməyimə baxmayaraq sakitləşmədi”.

"Əsəbimdən Şahnisə tərəfə baxmadım”

Xanbala Cəfərov qeyd edib ki, Şahnisə daha da çox deyinməyə başlayıb: "Şahnisə mənə "cəhənnəmə apar, o paxlanın da içinə zibil olsun, heç xeyrini görməyəsən, o nə vaxt çıxacaq ki, sənin də pulun olacaq”, - deyə nalayiq sözlər danışmağa başladı. Onun nalayiq sözlər danışdığını gördüm, daha da əsəbləşdim. Sağ əlim ilə Şahnisənin boğazından tutaraq, var gücümlə sıxdım, ona "kəs səsini, başımı xarab elədin lap”, - deyə söyləndim. Bu zaman Şahnisənin ayağı çabaladığından peçə dəydi. Şahnisə məni özündən aralamaq üçün çiyinlərimdən dala itələdi. Mən də Şahnisəni elə yerin içinə uzanıqlı vəziyyətdə atdım. Onun ünvanına söyə-söyə iş yerimdə yemək üçün qoyulmuş salafanın içindəki çörək və soyutma yumurtanı götürdüm, sonra da otaqdan çölə çıxdım. Əsəbimdən heç Şahnisə tərəfə baxmadım, köhnə ayaqqabılarımı geyindim, çöl darvazanın qapısından çıxdım. Sonra qapının açılmaması üçün də içərdən olan cəftəni bir qədər qabağa etdim. Həmin vaxt cəftə qapıya dirəndiyindən qapı örtülü dayandı”.

"Evə gəlməyimi bildirdilər”

Xanbala Cəfərovun ifadəsinə görə, bundan sonra asfalt yola tərəf gedib, orada həmkəndliləri Mikayıl Abbasovu və Heydar Baxşıyevi görüb: "Onlarla salamlaşdım, iş yerim tərəfə yollandım. Yolda həmkəndlim Rasim Abbasovun "VAZ-2107” markalı avtomaşınla işə getdiyini gördüm, ona əl edərək saxlatdım. Onun idarə etdiyi maşına əyləşdim, rayonun Axıska kəndində yolun kənarında tikinti materialları satılan yerdə avtomaşından düşdüm. Təxminən 100 metr getdikdən sonra işlədiyim Ramin Heydarovun sexinə getdim. Məndən təxminən 30-35 dəqiqə sonra birlikdə orada fəhləlik edən kürəkənim Mirfaiq Ağayev gəldi. Mənə sexin üstünə şifer vurmağa köməklik etməyə başladı. Təxminən saat 10 radələrində əmimin nəvəsi və qonşumuz olan Rəhim mobil telefonuma zəng etdi, arvadım Şahnisənin zəhərləndiyindən evə gəlməyimi və təcili yardım çağırdıqlarını bildirdilər”.

"Otağa "uqar qaz” dolub və arvadım ölüb”

Xanbala Cəfərov qeyd edib ki, işini yarımçıq qoyub, onun arxasınca gələn birinci arvadı Zeynəbin qardaşı Azərin maşını ilə evə yollanıb: "Evə çatdıqda həkim artıq Şahnisənin öldüyünü bildirdi. Həmin vaxt Şahnisənin boğazından tutaraq boğmağımdan ölməsini heç ağlına da gətirməmişdim. Çünki orada olan qonşular danışdı ki, sobanın borusu aralandığından otağa dəm qazı dolub və arvadım ölüb. Həmin vaxt fikirləşdim ki, Şahnisənin ölməsi qazdan olub. Bundan sonra həmin yerə polis və prokurorluq əməkdaşları gəldilər. Şahnisənin öldüyü yerə baxış keçirib, meyiti xəstəxananın morquna apardılar. Sonradan bildim ki, ekspert Şahnisənin ölməsini əl ilə boğazının sıxılması nəticəsində baş verməsi barədə rəy verib. Bundan sonra Şahnisənin boğazından tutub, boğmağım ilə bağlı qorxumdan heç kimə bir söz demədim”.

Xanbala Cəfərovun ifadəsinə görə, sonradan aparılan araşdırmalar zamanı Şahnisənin onun boğması nəticəsində ölməsi prokurorluqda müəyyən olunub, o, prokurorluq əməkdaşları tərəfindən həbs edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xanbala Cəfərov 13 il müddətinə azadlıqdan məhrum edilib./AzNews.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti