Bakıda şagird məktəbə
bibər qazı gətirib. Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam
orta məktəbdə baş verib. Şagirdin məktəbdə bibər qazından istifadə
etməsi nəticəsində bir neçə məktəbli zəhərlənib.
76 nömrəli tam orta məktəbdən AzVision.az-a
verilən məlumata görə, oktyabrın 10-da, saat 10:30 radələrində tənəffüs
vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə
(müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin
dəhlizində gözyaşardıcı qaz buraxıb:
"Tənəffüs vaxtı olduğu üçün
digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Dərhal uşaqlar
təxliyyə olunublar. Şagirdlərə ilkin tibbi yardım göstərilib".
Kliniki Tibbi Mərkəzin baş həkimi, baş toksikoloq Azər Maqusodv
AzVision.az-a bildirib ki, mərkəzə 6 şagird gətirilib, onların vəziyyəti stabildir.
"Həyatları
üçün təhlükə yoxdur. Onlar 1 oğlan, 5 qızdır. Yüngül reaksiyalar,
tənginəfəslik var, bir az narahatdırlar. Tədbirlər görülür və yaxın
vaxtlarda evə buraxılacaqlar”.
İlkin dindirilmə zamanı hadisəyə
səbəb olan məktəbli bibər qazının atasına məxsus olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.
Səhiyyə Nazirliyindən isə
AzVision.az-a
bildirilib ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 2-i
qız, 7-i oğlandır. Məktəblilərə ilkin tibbi yardım göstərildikdən sonra
hamısı evə buraxılıb.