Paytaxt ərazisində
internet klubdan və oyun zallarından oğurluq etməkdə şübhəli bilinən
şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Səbail rayonunun Xanlar küçəsindəki oyun
zallarının birindən 2 ədəd televizor, 6 ədəd oyun aparatı və 22 ədəd
pultun oğurlanması barədə 8-ci Polis Bölməsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Araşdırmalarla onların Bakı şəhər sakinləri Kamil Muradov, Kənan Nəcəfov, İbrahim Novruzov və Oktay Əliyev olduqları müəyyən edilib.
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Kəngərli
rayon sakini S.Quliyev isə Cavadxan küçəsində icarə əsasında işlətdiyi
internet klubun kassasından 1200 manatın oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən orada işləyən Tovuz rayon sakini Nurlan Məmmədəliyev saxlanılıb. Onun əvvəllər də oğurluğa görə məhkum olunduğu müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.